ERR nəşrinin bildirdiyinə görə, Estoniya parlamenti Ukrayna
ərazilərinin
ilhaqını pisləyən və Rusiyanı terrorizmə sponsorluq edən dövlət
olması ilə bağlı qətnaməni təsdiqləyib. Qəzet yazıb ki, bəyanatı
bitərəf və əleyhinə səs vermədən parlamentin 88 deputatı
dəstəkləyib.
"Ukrayna parlamentinin dövlətlərə və beynəlxalq təşkilatlara
müraciətini dəstəkləyən Riyqikogu Rusiya rejimini terrorçu,
Rusiyanı isə terrorizmin himayədarı dövlət elan edir və onun
hərəkətlərinə qarşı birgə
müqavimət göstərilməlidir" - deyə,
sənəddə bildirilib.
Sənəddə Estoniyanın Ukraynaya təcavüzü və saxta referendumlar
nəticəsində ərazi bütövlüyünün pozulmasını heç vaxt tanımayacağı
vurğulanıb.
"Qətnaməni pozmaqla qanun yaratmaq mümkün deyil. Putin rejimi nüvə
silahı ilə hədələməklə, Rusiyanı həm Avropada, həm də bütün dünyada
sülh üçün ən böyük təhlükəyə çevirib" deyilib.
Estoniya, həmçinin təcavüzə görə məsuliyyət daşıyanların qanun
qarşısında cavab verməsi üçün xüsusi beynəlxalq tribunalın
yaradılmasını tələb edib.
"Bu gün tarixi gündür. Estoniya parlamenti yeni bəyanat qəbul edib.
Ukrayna ərazisinin ilhaqını pisləyib və Rusiya rejiminin terrorçu
elan edib. Estoniyalı dostlarımıza təşəkkür edirik" - deyə,
Ukraynanın Estoniyadakı səfiri Maryana Betsa tvitter səhifəsində
yazıb.
Latviya Seymi də bu ilin avqustunda Rusiyanı terrorizmin sponsoru
kimi tanıyıb. Sənəddə deyilib ki, Rusiya məqsədli şəkildə Ukrayna
ərazisində dinc əhaliyə hücum edir.
Oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya
Federasiyasını terrorçu rejim adlandıran qətnamə qəbul edib.
Sənəddə "bu təcavüz [Rusiyanın Ukraynaya qarşı təcavüzü] özlüyündə
cinayət, beynəlxalq hüququn pozulması, beynəlxalq sülh və
təhlükəsizliyə əsas təhdid kimi birmənalı şəkildə pislənməlidir"
deyilib.
AŞPA, həmçinin Ukraynaya silah yardımını davam etdirməyə
çağırıb.
Mənbə:
www.amerikaninsesi.org