Tramp Putinlə telefon danışığından sonra Ukrayna müharibəsi ilə bağlı danışıqların başladığını elan etdi
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə "uzun və çox məhsuldar" telefon danışığı keçirdiyini və liderlərin Ukrayna müharibəsini bitirmək üçün danışıqlara başlamaq barədə razılığa gəldiklərini bildirib.

Tramp Truth Social platformasında yazıb ki, o və Rusiya Prezidenti "hər iki tərəfin komandasının dərhal danışıqlara başlaması" barədə razılaşıb və bir-birilərini paytaxtlarına dəvət ediblər.

Bundan sonra, Ukrayna Prezidenti

Volodimir Zelenski Trampla "dayanıqlı və etibarlı sülh" haqqında danışdığını bildirib.

Bu telefon zəngləri o vaxt baş tutdu ki, Tramp və onun müdafiə naziri Ukraynanın NATO-ya üzv olmayacağını bildirdilər, bu da Kiyev üçün ciddi məyusluq olacaq.

Zelenski bildirib ki, cümə günü Münhendə Ukrayna ilə bağlı keçiriləcək müdafiə sammitində ABŞ-ın vitse-prezidenti JD Vance və dövlət katibi Marko Rubio ilə görüşəcək.

Tramp sosial şəbəkədə yazıb: "Bu absurd müharibəni bitirməyin vaxtı çatıb. Bu müharibədə böyük və tamamilə lazımsız ölüm və dağıntılar oldu. Allah Rusiya və Ukrayna xalqını qorusun!"

O, Putinlə üzbəüz görüş üçün tarix açıqlamasa da, sonradan Ağ Evdə jurnalistlərə "Biz Səudiyyə Ərəbistanında görüşəcəyik" deyib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin Trampın "birgə işləməyin vaxtı çatıb" ideyasını dəstəkləyir.

Peskovun sözlərinə görə, Putinlə Tramp arasında telefon danışığı təxminən bir saat yarım çəkib, və bu müddətdə Rusiya lideri Trampı Moskvaya rəsmi səfərə dəvət edib.

Ağ Evdə jurnalistlərə danışan Tramp həmçinin bildirib ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması ehtimalı azdır, lakin BBC-nin sualına cavab olaraq əlavə edib: "Bu torpaqların bir hissəsi geri qayıdacaq."

Prezident həmçinin qeyd edib ki, o, müdafiə naziri Pit Hegsethlə razıdır. Hegseth NATO sammitində bildirib ki, Ukraynanın hərbi alyansa üzv olması real deyil.

"Düşünürəm ki, bu, doğrudur," – Tramp deyib.

Bu arada, Böyük Britaniya hökuməti bildirib ki, Ukraynanın Rusiyaya qarşı müdafiəsini dəstəkləməyə davam edəcək. Baş nazirin müavini Angela Reyner ITV-yə bildirib ki, Londondan Kiyevə dəstək "dəyişməz olaraq qalır."

BBC-nin müxbiri Ceyms Uoterhausun fikrincə, Hegsethin çıxışı Kiyev üçün ciddi zərbə olacaq.

Kiyev çoxdan bilirdi ki, yeni ABŞ administrasiyası əvvəlki rəhbərlikdən daha az Ukrayna tərəfdarıdır. Lakin Hegsethin bəyanatları böyük ehtimalla yalnız Moskvada məmnuniyyətlə qarşılanıb.

NATO-ya üzvlüyün rədd edilməsi, Ukraynanın qalib gələ bilməyəcəyi fikri və dondurulmuş cəbhə xəttinin necə idarə olunacağı ilə bağlı qeyri-müəyyənlik – bütün bunlar Rusiyanın Ukraynaya qarşı 11 illik aqressiyasına nəzərəçarpacaq bir uğur kimi görünür.

Zelenski bir neçə dəfə vurğulayıb ki, "Ukrayna olmadan Ukrayna ilə bağlı danışıqlar aparıla bilməz." Lakin Tramp və Putin arasında telefon danışığı onun iştirakı olmadan baş tutub.

Ukrayna lideri bildirib ki, Trampla "yaxşı və əhatəli müzakirə" aparıb və həmçinin Ukraynada səfərdə olan ABŞ-ın Xəzinədarlıq katibi Skott Bessentlə görüşüb.

"Heç kim Ukraynadan çox sülh istəmir. ABŞ-la birlikdə biz Rusiyanın aqressiyasını dayandırmaq və dayanıqlı, etibarlı sülhü təmin etmək üçün növbəti addımlarımızı müəyyən edirik," – deyə Zelenski bildirib.

O əlavə edib: "Biz gələcəkdə əlaqədə qalmaq və qarşıdakı görüşləri planlaşdırmaq barədə razılığa gəldik."

AFP xəbər agentliyinin məlumatına görə, ABŞ və Ukrayna liderləri arasında telefon danışığı bir saat davam edib.

The Guardian qəzetinə verdiyi müsahibədə Zelenski bildirib ki, sülh sazişinin bir hissəsi kimi Rusiya tərəfindən işğal olunmuş Ukrayna əraziləri Rusiyanın qərbində, Kursk vilayətində yerləşən Ukrayna əraziləri ilə dəyişdirilə bilər.

Kremlin sözçüsü Peskov bu iddianı "mümkünsüz" adlandırıb.

"Rusiya heç vaxt və heç bir şəraitdə öz ərazisinin mübadiləsini müzakirə etməyib və etməyəcək. Ukrayna qüvvələri bu ərazilərdən çıxarılacaq. Sağ qalanlar isə qovulacaq."

Zelenski həmçinin vurğulayıb ki, Ukraynanın təhlükəsizlik zəmanətlərində təkcə Avropa ölkələri deyil, ABŞ da iştirak etməlidir.

"Amerikasız təhlükəsizlik zəmanətləri real təhlükəsizlik zəmanətləri deyil," – deyə o bildirib.

Bundan əlavə, Tramp qeyd edib ki, "Ukraynada müəyyən bir məqamda seçkilər keçiriləcək," bu isə böyük ehtimalla may ayında Zelenskinin prezidentlik müddətinin başa çatmasına işarədir.

Zelenski isə bildirib ki, Rusiyanın davam edən işğalı və Ukraynada hərbi vəziyyətin mövcudluğu yeni prezident seçkilərinin keçirilməsini qeyri-mümkün edir.

Rusiya Prezidenti Putin dəfələrlə Zelenskinin legitimliyini sual altına alaraq, onun Moskva ilə danışıqlar aparmaq hüququnu tanımayıb.

2014-cü ildə Ukraynada Rusiyayönlü prezidentin devrilməsindən sonra Moskva Qara dənizdə yerləşən Krımı ilhaq etdi və Ukraynanın şərqində Rusiyayönlü separatçıları dəstəklədi.

Bu münaqişə üç il əvvəl Rusiyanın Ukraynaya tammiqyaslı işğalını başlatması ilə genişmiqyaslı müharibəyə çevrildi.

Moskvanın Kiyevi ələ keçirmək cəhdi uğursuz oldu, lakin Rusiya ordusu Ukraynanın şərq və cənub hissəsində ərazilərin təxminən beşdə birini işğal edib və ölkə boyu hava hücumları həyata keçirir.

Ukrayna isə cavab olaraq artilleriya, dron hücumları və Rusiyanın qərbində, Kursk vilayətində yerüstü əməliyyatlar aparır.

Hər iki ölkənin hökumətləri itkilərlə bağlı dəqiq məlumatları gizli saxladığına görə real statistikanı müəyyən etmək çətindir. Lakin ehtimal olunur ki, on minlərlə insan, əsasən hərbçilər, həlak olub və ya yaralanıb, milyonlarla ukraynalı isə qaçqın vəziyyətinə düşüb.

Məmbə: BBC NEWS
Print ელ. ფოსტა
თეგები: Putin Tramp ukaiyna
FaceBook Twitter Google