Türkiyənin İstanbul şəhərində, Çırağan sarayında Ukrayna və Rusiya
nümayəndə heyətləri arasında birbaşa danışıqların
ikinci raundu başlayıb. Ukrayna heyətinə müdafiə naziri Rustem
Umerov, Rusiya heyətinə isə prezidentin köməkçisi Vladimir Medinski
rəhbərlik edir.
Görüşdən əvvəl Ukrayna nümayəndə heyətinin üzvləri – xarici işlər
nazirinin müavini Serhii Kislitsa və Prezident Administrasiyasının
müşaviri Oleksandr Bevz Almaniya, İtaliya və Böyük Britaniya
rəsmiləri ilə məsləhətləşmələr aparıblar. Ukrayna Xarici İşlər
Nazirliyinin sözçüsü Heorhii Tixa bildirib ki, görüşün məqsədi
mövqelərin uzlaşdırılması olub.
Ukrayna nümayəndə heyətinin bir üzvü AFP agentliyinə anonimlik
şərti ilə bildirib ki, Kiyev tərəfi İstanbula konkret gündəliklə
gəlib və sülhə doğru əhəmiyyətli addımlar atmağa hazırdır. Lakin
detalları açıqlamayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə hazırda Vilnüsdə
keçirilən “Buxarest Doqquzluğu” liderlərinin sammitində iştirak
edir. Jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın konstruktiv
danışıqlara hazır olduğuna əmin deyil.
İstanbulda danışıqların ilk raundu 16 may tarixində
keçirilib. Tərəflər 1000 hərbi əsirin qarşılıqlı mübadiləsi barədə
razılığa gəliblər.
Bununla belə, Rusiya dərhal və qeyd-şərtsiz atəşkəsə
razılaşmayıb.
19 mayda Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald
Trampla telefon danışığından sonra bildirib ki, Moskva Ukrayna
tərəfinə mümkün sülh razılaşması ilə bağlı memorandum təqdim
edəcək. Bu sənəddə münaqişənin həlli prinsipləri, mümkün müddətlər
və razılıq əldə olunacağı təqdirdə müəyyən müddətə atəşkəs
məsələləri əksini tapmalıdır.
Ukrayna cavab olaraq bildirib ki, öz versiyalarını hazırlayacaqlar.
Ötən həftə Ukrayna rəsmiləri açıqlayıb ki, onlar sənədin layihəsini
Rusiya tərəfinə göndəriblər, lakin Moskvadan cavab almayıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415