Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə,
Mestiyanın Nakar kəndi yaxınlığında
baş vermiş hücum nəticəsində itkin düşən şəxsin cəsədi Nakra
çayında tapılıb. Məlumata görə, cəsədi tapılan şəxs Rusiya
vətəndaşıdır və onun axtarış tədbirləri indiyədək davam edirdi.
Həmin şəxs və onun xanımı üzərinə hücum edilməsi ilə bağlı məlumat
yanvarın 5-də yayılmışdı.
Nazirlik bildirir ki, cinayət işi ilə
əlaqədar iki nəfər
saxlanılıb. Onların xarici ölkə vətəndaşına odlu silahla xəsarət
yetirdikləri, onu qanunsuz şəkildə azadlıqdan məhrum etdikləri və
cinayətin izlərini ört-basdır etmək məqsədilə cəsədi çaya atdıqları
müəyyən olunub.
“İstintaqla müəyyən olunub ki, 2024-cü il yanvarın 5-də
saxlanılan şəxslər, Zuqdididən Mestiyaya gedən iki xarici ölkə
vətəndaşını qarət ediblər. Onların mobil telefonlarını ələ
keçirərək, 1986-cı il təvəllüdlü V.S.-yə odlu silahla xəsarət
yetirib və onu qanunsuz şəkildə azadlıqdan məhrum ediblər.
Cinayətin izlərini ört-basdır etmək məqsədilə cəsədi çaya ataraq
hadisə yerindən qaçıblar,” – deyə DİN-in açıqlamasında
qeyd olunur.
Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işi üzrə istintaqı
Gürcüstan Cinayət Məcəlləsinin 179-cu (qrup halında qarət),
19-109-cu (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd) və
236-cı (qanunsuz odlu silah əldə etmə, saxlama və daşıma) maddələri
ilə aparır.
Cinayət 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs
cəzası ilə nəticələnə bilər.
Hadisə zamanı itkin düşən şəxsin xanımı bildirib ki, iki silahlı
şəxs onlara hücum edərək silah çəkib və yolun qarşısını
kəsiblər.
Məlumata görə, cütlük Mestiyanın Tetnuldi zirvəsinə doğru hərəkət
edirdi. Yolda qar səbəbindən avtomobili saxlayıb, tunel
yaxınlığında foto çəkməyə başlayıblar. Həmin vaxt ağ rəngli
“Subaru” markalı avtomobil onların yanına yaxınlaşıb və köməyə
ehtiyaclarının olub-olmadığını soruşub. Cavab olaraq, cütlük kömək
lazım olmadığını, sadəcə foto çəkdiklərini bildirib. Daha sonra
həmin avtomobil onlara yenidən rast gəlib və bu dəfə daha şübhəli
hərəkətlər edib.
Zərərçəkən xanım Alina bildirib ki, avtomobil əvvəlcə yolda durub,
daha sonra sürücü Viktorun təklif etdiyi köməyi qəbul ediblər.
Lakin bu, bir müddət sonra münaqişə ilə nəticələnib və iki dəfə
silah səsi eşidilib. Alina baş verənləri belə izah edir:
“
Bu hadisə məni və yoldaşım Viktorun başına gəldi. Bizim üç
telefonumuz var idi: ikisi ona, biri isə mənə məxsus idi. Onun
telefonlarını dərhal götürdülər, mənim telefonumu isə gizlətməyə
müvəffəq oldum. Onlar mənə silahla təhdid edərək telefonumu tələb
edirdilər. Bu qorxunc bir hadisə idi.”
Rusiya vətəndaşlarına qarşı hücum barədə ilkin məlumat yanvarın
5-də yayılmışdı. Əvvəlcə bildirilirdi ki, silahlı şəxslər
Mestiyanın Nakar kəndi yaxınlığında Rusiya vətəndaşı ər-arvada
hücum ediblər. Daha sonra avtomobil hadisə yerində aşkar olunub,
qadın isə polisə gətirilib.