Birinci sinfə gedəcək uşaqların valideynləri üçün məsləhət
Altıyaşlıların həyatında ən mühüm an olan –
məktəbə qəbul vaxtı yaxınalşadıqca bir çox valideynlərin qayğı və
narahatçılıqları da artır. Əksər hallarda isə ata və ana birinci
sinfə gedəcək uşaqdan daha çox həyəcanlanır. Əslində isə məktəbə
hazırlaşmaq o qədər çətin bir iş deyil, əsas odur ki, vacib
məsələlərin heç birini nəzərdən qaçırmayasan.
Birinci sinfə gedəcək uşağa məktəbdə nə lazım olacaq?
Ən başlıcası uşağa məktəb üçün zəruri olan bütün əşyların
alınmasıdır. Bunun üçün əvvəlcədən alacağınız əşyaların siyahısını
hazırlayın. Məktəb ləmazimatları və geyimi – rahat çanta, ayaqqabı,
idman forması, penal, dəftərlər, qələm və karandaşlar və s.-ni
uşaqla birlikdə seçin. Uşağın gələcək sinif müəllimindən məktəbdə
dövlət tərəfindən hansı dərsliklərin veriləcəyini, əlavə hansı
vəsaitlərin alınmasının lazım oldğunu haqda maraqlanın.
Çalışın, bütün zəruri ləvazimatları uşağın öz iştirakı ilə alın.
Qoy uşaq xoşuna gələn məktəbli çantasını (rəngi, üstündəki şəkil,
forması və s.) özü seçsin. Əks halda özünün xoşuna gəlməyən və ona
rahat olmayan çanta ilə hər gün məktəbə gedib-gəlmək onun üçün
əməllicə əziyyətə çevriləcək. Həmçinin qələm və karandaşlar,
dəftərlər, albom və digər ləvazimatları alanda da uşağın fikri ilə
hesablaşın (təbii ki, nəzərdə tutduğunuz büdcə çərçivəsində).
Məktəblərdə vahid forma nəzərdə tutulduğundan məktəb rəhbərliyindən
formanı haradan ala biləcəyinizi öyrənin. Eyni zamanda bunu uşaqla
da əvvəlcədən müzakirə edin və ona izah edin ki, hər gün dərsə eyni
geyimdə gedib-gəlməyə alışmalıdır. Xüsusilə qız uşaqları geyim
məsələsinə həssas olduqları üçün onları qabaqcadan vahid məktəbli
forması geyinməyə mənəvi-psixoloji cəhətdən hazırlamaq
lazımdır.
Birinci sinfə gedəcək uşaq nələri bilməlidir?
Bir çox valideyndə belə bir fikir formalaşmışdır ki, uşaq məktəbə
gedənə qədər nə qədər çox bilik öyrənsə, bir o qədər də o, daha
yaxşı oxuyacaqdır. Əslində isə bu belə deyildir. Birinci sinfə
həddindən artıq hazırlıqlı gələn uşaqlara (mürəkkəb hesab əməlləri
yerinə yetirməyi bacaran, sürətlə oxuyan, ingilis dilini bilən və
s.) dərs prosesi maraqsız olur və onların artıq bildiyi dərslərin
sinifdə daim təkrar edilməsi onlarda qıcıq yaradır. Eyni zamanda öz
yaşına uyğun hazırlığa malik, yalnız zəruri biliklərə yiyələnmiş
uşaqlar isə məktəb məşğələlərini ətraf əlamlə tanışlığın daha bir
əlavə vasitəsi kimi qəbul edir və yeni bilikləri həvəslə
öyrənir.
Bir daha qeyd edirik ki, 6 yaşlı uşaq məktəbə gedərkən soyadını,
özünün və valideynlərinin adını, ev ünvanını, telefon nömrəsini, ən
geniş yayılmış heyvan, bitki, gül adlarını, idman növlərini,
peşələri, məişət əşyalarını asanlıqla və tez deyə bilməlidir.
Bundan əlavə uşaq ayların və ilin fəsillərinin adlarını, onların
ardıcıllığını, yol hərəkəti qaydalarını bilməli, sağ-solu
fərqləndirməli, müxtəlif heyvanlar, tərəvəz, meyvə və əşyalar
arasında olan fərqləri başa düşməlidir. Birinci sinfə gedən uşaq
10-a qədər saymağı və 10 çərçivəsində hesablamağı bacarmalı, sadə
məntiqi tapşırıqları həll etməyi, ona təklif edilən şəklə uyğun
hekayə qurmağı, kiçik mətnləri dinləyib yenidən danışmağı, qələm,
karandaş, kağız və qayçı ilə işləməyi də bilməlidir. Bütün bunlar
uşağın I sinfə hazırlığı üçün tam kifayət edir.
Uşağın məktəbə psixoloji hazırlığı
Valideynlər üçün ən mühüm məsələ uşağın məktəbə psixoloji və
emosiolnal hazırlığıdır. Bunun üçün ilk növbədə uşağa izah edin ki,
onun məktəbdəki fəaliyyəti evdəki və ya bağçadakı fəaliyyətindən və
rejimindən fərqlənir. Məktəbdə dərslərin olması, həmin dərslər
vaxtı parta arxasında oturmaq və diqqətlə müəllimə qulaq asmaq və
onun göstərişlərini yerinə yetirmək barədə uşaqla söhbət aparın.
Bundan əlavə, tənəffüs, ev tapşırıqları, məktəbli kitabçası
(gündəlik) və qiymətləndirmə haqqında da uşağa müəyyən məlumatlar
verin.
Bütün bu məlumatları uşağa elə çatdırmaq lazımdır ki, onda dərs
prosesinə həvəs və pozitiv münasibət formalaşsın, tezliklə məktəbə
getmək arzusu yaratsın. Uşağa öz məktəb illərinizdən müsbət və
əyləncəli xatirələrinizi, məktəb bayramları, sevimli müəllim və
fənlər haqqında danışın. Heç bir halda uşağa sinifdə ən yaxşı
şagird olacağı haqqında fikir söyləməyin, çünki bu zaman övladınız
qarşısında ağır bir öhdəlik qoymuş olursuz və əvvəldən belə mövqeyə
malik uşağın sinif yoldaşları ilə münasibətləri də uğurlu
alınmır.
Uşağa əvvəlcədən bildirin ki, heç də hər şey birinci dəfədən uğurlu
alınmayacaq, dərs prosesində müəyyən çətinliklər də olacaq və bunda
qorxulu heç nə yoxdur. İzah edin ki, birdən nə isə alınmasa,
hansısa dərsi başa düşməsə onu danlamayacaq, əksinə hər bir
çətinlikdə kömək edəcəksizniz. Övladınıza başa salın ki, məktəb
həyatı böyük həyata ilk addımdır və burada onun qazandığı çoxlu
bilik və bacarıqlar gələcəkdə ona faydalı olacaqdır.