Koronavirusa görə Kürtlər ərazi vahidliyinə daxil olan Baydar və
Böyük Muğanlı kəndlərində həkim briqadaları tərəfindən əhalinin
temperaturu ölçülür və tövsiyələrə riayət etməyə çağrılır.
Bu haqda məlumatı Marneuli bələdiyyə məclisinin deputatı Omar
İrişov verdi. Onun sözlərinə görə, ərazi vahidliyində bu gün iki
həkim briqadası çalışırdı və sabahdan onlara bir həkim briqadası da
qoşulacaq.
Omar İrişovun sözlərinə görə,
bu gün Baydar və Böyük Muğanlı
kəndlərində 100-ə yaxın sakinin temperaturu ölçüldü və onlarda
yüksək hərarət müşahidə olunmadı.
Bələdiyyə Məclisinin deputatı onu da əlavə etdi ki, sabahdan
Kürtlər, Lejbəddin və Xutor Lejbəddin kəndlərində də əhalinin
istiliyi ölçüləcək və tövsiyələrə riayət etməyə çağırılacaq.
Xatırladaq ki, 22 mart tarixində Marneulidə 60 yaşlarında qadında
koronavirus aşkarlanıb. O, Tbilisinin Universitet Klinikasına
yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Bu
haqda Gürcüstanın Baş naziri Qiorqi Qaxaria 23 mart tarixində saat
00:30-da brifinqdə bildirib. Hökumət qeyd olunan qərarı Marneulili
qadında koronavirus aşkarlandıqdan sonra verib. Hazırda Marneulidə
koronavirusa yoluxmuş şəxsin təmasda olduğu 1700 nəfər
araşdırılır.