Marneuli xəstəxanalarında və səhra xəstəxanasında hazırda 80 yataq
və 30 süni tənəffüs aparatı hazır vəziyyətdədir.
Səhiyyə Siyasəti İdarəsinin rəhbəri “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, bələdiyyə ərazisində hazır vəziyyətə gətirilmiş
yataq və süni tənəffüs aparatı barədə məlumat gündəlik olaraq
dəyişir.
“Əgər Marneuli barədə ayrıca danışarsaq, düzgün olmaz.
Çünki ehtiyac olduğu təqdirdə ölkə miqyasında hazır vəziyyətdə
olanların hamısı istifadə olunacaq. Marneulidə olan yataqların sayı
kifayət etməsə, bu demək deyil ki, pasiyent elə qalacaq. Belə olan
halda o, Gürcüstan miqyasında hazır vəziyyətdə olan digər yerlərə
aparılacaq, lakin onu da deyim ki, Marneulidə olan yataqların bəs
edəcəyini düşünürük”, – Eka Adamia bildirdi.
23 mart tarixində “Geo Hospitals”-ın Marneulidəki klinikasının
ərazisində səhra xəstəxanası qurulub. Klinikanın özü isə həkim və
xəstələrlə birgə karantinə alınıb. “Aversi” klinikası isə
çoxfunksiyalı xəstəxanaya çevrilib.
Qeyd edək ki, 23 mart tarixində, saat 00:30-da Gürcüstanın baş
naziri Marneuli və Bolnisini karantin zonası elan edib. Bu
bələdiyyələrin ərazisinə giriş-çıxış dayandırılıb.