“Onun əməkhaqqı dini bayram olduğuna görə kəsilməyib” – İrakli Kadaqişvili Tariel Nakaidzenin sözlərinə cavab verib
“Onun əməkhaqqı dini bayram olduğuna görə kəsilməyib. Əməkhaqqı Parlament iclasında iştirak etmədiyinə görə kəsilib”, – Gürcüstan Parlamentinin çoxluqdan olan üzvü, Prosedur Məsələləri Qaydaları Komitəsinin sədri İrakli Kadaqişvili Parlamentin müstəqil deputatı Tariel Nakaidzenin sözlərinə belə cavab verib.

Nakaidze bildirmişdi ki, Qurban bayramından Parlamentin iclasında iştirak etmədiyinə görə onun əməkhaqqından 10% kəsiblər. “Marneuli” radiosu 4 gün idi ki, Parlamentdən cavab gözləyirdi. Bu gün İrakli Kadaqişvili bizimlə söhbəti zamanı bildirdi ki, bu məsələni dinlə əlaqələndirmək düzgün deyil.

“Parlamenti iclasında iştirak etməmək hansı hallarda üzrlü hesab olunur, bu barədə reqlamentdə açıqlama verilib. Parlamentin iclasında müsəlman və ya xristian, yaxud başqa hansısa bayram olanda dini səbəbə görə iştirak etməmək üzrlü səbəb sayılmır. Bir daha təkrar edirəm, reqlament hansı hallarda üzrlü səbəb hesab olunduğunu aydın şəkildə müəyyən edir. Bu halda bu məsələnin dini bayramla heç bir əlaqəsi yoxdur. Mən bir xristian olaraq hansısa xristian bayramına görə iclasda iştirak etməsəm, mənim də əməkhaqqımdan kəsilməlidir. ya da yəhudi və ya başqa dinin nümayəndəsi Parlamentin iclasında iştirak etmirsə, həmin gün dövlət tərəfindən elan edilmiş istirahət günü deyilsə, yenə belə olmalıdır. Adətən fövqəladə iclas deyilsə, istirahət günlərində iclas olmur. Buradan irəli gələrək bunun dini məsələ ilə heç bir əlaqəsi yoxdur. Cənab Tariel Parlament üzvü olaraq bilməlidir ki, reqlamentin tələbi necədir”, – Kadaqişvili bildirib.

Gürcüstan Parlamentinin üzvü Tariel Nakaidze bildirib ki, Qurban bayramında Parlamentin iclasında iştirak etmədiyinə görə əməkhaqqından 500 lari kəsiblər. Baxmayaraq ki, əvvəlki günlərdə Parlamentdə ictimai şəkildə mühüm bayramı qeyd etdiyinə görə iclasda iştirak etməyəcəyini bildiribmiş, yenə də vəziyyəti nəzərə almayıblar, maaşından kəsiblər. Parlamentin deputatı düşünür ki, bu ayrı-seçkilik və qeyri-bərabər yanaşmadır.

“27 iyun tarixində Parlamentin plenar iclası baş tutanda mən bildirdim ki, 28 iyunda sessiyada ola bilməyəcəyəm. Çünki həmin tarixdə müsəlmanların Qurban bayramıdır. Bildirdim ki, bu ölkədə etnik azlıqların öz bayramlarını qeyd etmək imkanı olmalı və həmin günlər istirahət günü elan edilməlidir. Bu bir növ aksiya idi. Düzünü desəm, ümid edirdim ki, bunu nəzərə alacaqlar və üzrlü səbəb hesab edəcəklər. Amma mail ünvanıma gələn cavabda konkret olaraq üzrlü səbəb hesab edilmədiyi qeyd olunmuşdu və müvafiq olaraq nəzərə almadıqlarını deməyə əsasım var. Bu sadəcə mənim üçün çox mühümdür və niyə problem olduğunun yeganə aşkar nümunəsidir. Məsələn, bir dominant dinin elan edilmiş bir neçə dini bayramı var, istirahət günü elan edilmiş dini bayramları var və heç bir başqa dini azlıqların belə şəraiti yoxdur. Bu ümumi qanunla diskriminativ yanaşmadır. Bu düzgün deyil, əgər hansısa din ən az bir gün çox mühüm bayramdan yararlanırsa, başqa dini azlıqlar da yararlanmalıdır”,
– Parlamentin üzvü bildirir.

Tariel Nakaidze indi işlə bağlı hüquqi mübahisə və qanunvericilik təşəbbüsü hazırlamağı planlaşdırır. O, təşəbbüsü güman ki, payızda Parlamentə təqdim edəcək.

Mövzu ilə bağlı digər xəbər: Parlamentə 500 lari dəyərində “ianə” – dini azlıqlar bayram günlərində istirahət edə bilirlərmi?

Print Email
FaceBook Twitter Google