Parlamentə 500 lari dəyərində “ianə” – dini azlıqlar bayram günlərində istirahət edə bilirlərmi?
Gürcüstan Parlamentinin üzvü Tariel Nakaidze Qurban bayramından Parlament iclaslarında iştirak etmədiyinə görə əməkhaqqından 500 lari kəsiblər.

Bu onun əməkhaqqının 10%-dir. Nakaidze bildirir ki, əvvəlki günlərdə Parlamentdə ictimai şəkildə onun mədəniyyəti üçün mühüm bayramı qeyd etdiyinə görə iclasda iştirak edə bilməyəcəyini açıqlamış olsa da, vəziyyəti nəzərə almayıblar və yenə də cərimə yazıblar. Parlamentin deputatı etnik azlıqlara qarşı
qeyri-bərabər və diskriminativ yanaşmdan danışır.

“27 iyun tarixində Parlamentin plenar iclası baş tutanda mən bildirdim ki, 28 iyunda sessiyada ola bilməyəcəyəm. Çünki həmin tarixdə müsəlmanların Qurban bayramıdır. Bildirdim ki, bu ölkədə etnik azlıqların öz bayramlarını qeyd etmək imkanı olmalı və həmin günlər istirahət günü elan edilməlidir. Bu bir növ aksiya idi. Düzünü desəm, ümid edirdim ki, bunu nəzərə alacaqlar və üzrlü səbəb hesab edəcəklər. Amma mail ünvanıma gələn cavabda konkret olaraq üzrlü səbəb hesab edilmədiyi qeyd olunmuşdu və müvafiq olaraq nəzərə almadıqlarını deməyə əsasım var. Bu sadəcə mənim üçün çox mühümdür və niyə problem olduğunun yeganə aşkar nümunəsidir. Məsələn, bir dominant dinin elan edilmiş bir neçə dini bayramı var, istirahət günü elan edilmiş dini bayramları var və heç bir başqa dini azlıqların belə şəraiti yoxdur. Bu ümumi qanunla diskriminativ yanaşmadır. Bu düzgün deyil, əgər hansısa din ən az bir gün çox mühüm bayramdan yararlanırsa, başqa dini azlıqlar da yararlanmalıdır”, – Parlamentin üzvü bildirir.

Tariel Nakaidze indi işlə bağlı hüquqi mübahisə və qanunvericilik təşəbbüsü hazırlamağı planlaşdırır. Təşəbbüsü güman ki, payızda Parlamentə təqdim edəcək.

“Praktiki olaraq, cəza tədbirindən istifadə ediblər və məni 10% cərimələdilər. Əlbəttə, buna etiraz etdim, çalışıram, məhkəməyə verim və müvafiq hüquqi məsələni davam etdirim. Bu qələbə mövzusu deyil. Məhkəmədə nəticə əldə etməsəm də, bu proses mənim üçün mühümdür. Çünki mənim məqsədim bu prosesin düzəldilməsidir. Bu prosesi isə yalnız və yalnız qanunvericilikdə dəyişiklik düzəldəcək. Həmin dəyişiklik təqdim olunmalıdır və biz edəcəyik. Bu proses problemin əsasını yaxşı əks etdirir və müvafiq olaraq bu istiqamətdə danışılacaqlar aydındır, adi vətəndaşlar, eləcə də qanunvericilik sahəsində xidmət göstərən, bu halda deputatlar üçün asandır. Ümid edirəm ki, bu dəyişikliyi qəbul edəcəyik”, – Nakaidze deyir.

Marneulili hüquq müdafiəçisi Samirə Bayramova fakta münasibətini bildirib. O, deyir ki, bu onların mədəniyyəti üçün mühüm olan tarixlərdə işə getmədikləri birinci hal deyil. Ramazan bayramı, Qurban bayramı, Məhərrəm ayı, Novruz Bayramı – bu azərbaycanlı icmanın kimliyinin bir hissəsi olan dini-mədəni bayramların natamam siyahısıdır. Bayramova hesab edir ki, dövlət müxtəlif azlıqların mədəniyyətini, bayramlarını tanımalı və qanunvericilikdə nəzərə almalıdır.

“Burada gedib insan hüquqlarına çıxırıq. İnsanlar öz hüquqlarından yararlanmalıdır və öz bayramlarından istirahət etməlidirlər. 2014-cü ildə qəbul etdikləri və diskriminasiyanın bütün formalarının aradan qaldırılmasına istiqamətlənmiş yeni qanunvericilik məhz sənin dinində, etnik mənsubiyyətindən irəli gələrək diskriminasiya olmamasını nəzərdə tutur. Bizim Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş təxminən 13 bayramımız var. Buradan yalnız 6-sı bizim ümumi dövlətçilik, milli hadisələrlə bağlıdır. Qalanı xüsusi olaraq pravoslav-xristian bayramlarıdır. Əmək Məcəlləsinə görə, işlə təmin olunan şəxsin qanunla nəzərdə tutulmuş istirahət günləri əvəzində başqa istirahət günləri tələb etmək hüququ var. Bu Əmək Məcəlləsi ilə müəyyən etməlidir. Bu deməkdir ki, misal üçün, mən 21 martda Novruz Bayramını qeyd etmək istəyirəm, iş yerim mənim üçün şənbə və ya bazar günü başqa iş günü təyin etməlidir, gəlib işləməliyəm. Bizdə bu təcrübə yoxdur və öz hüquqlarımızdan yararlana bilmirik. Burada da inklüzivlik, bərabərlik, insan hüquqları pozulur və Diskriminasiyanın Bütün Formalarının Aradan Qaldırılması Haqqında qanuna ziddir”.

Artıq bir neçə ildir, Gürcüstan azərbaycanlıları Novruz bayramının milli bayram olaraq və istirahət günü elan edilməsini tələb edirlər. Yerli fəallar bu təşəbbüslə Parlamentə dəfələrlə müraciət ediblər. Onlardan biri də Samirə Bayramovadır.

“Gürcüstan öz etnik rəngarəngliyi ilə fərqlənir və bu bizim ölkənin zənginliyidir. Uzun illər ərzində Gürcüstanda bu ölkənin etnik azlıqlarına Gürcüstanın tamhüquqlu vətəndaşları olduqlarını hiss etdirəcək siyasət həyata keçirilə bilmədi. Gürcüstanda yaşayan müxtəlif etnik azlıq nümayəndələri Gürcüstanı öz vətənləri hesab edirlər. Ancaq onların ölkənin siyasi və ya mədəni həyatında iştirakı demək olar hiss olunmur. Hesab edirik ki, məhz mədəniyyət ictimaiyyəti bir-biri ilə əlaqələndirir və birləşdirir. Bu birliyi qeyd etmək üçün Novruz Bayramı möhtəşəm nümunədir. Bu bayram UNESCO tərəfindən qeyri-maddi mədəni irslərin siyahısına daxil edilib. Gürcüstanda Novruzu qeyd etmək ənənəsi əsrlərdir var. Bunu “Pələng dərisi geymiş pəhləvan” poeması da təsdiq edir. Novruz bayramının istirahət günü elan edilməsi Gürcüstanda yaşayan müxtəlif etnik qrupların dostluğunu möhkəmləndirilməsində, mədəni və sosial əlaqələrin gücləndirilməsində böyük rol oynayacaq. Dövlət tərəfindən bu qərarın qəbul edilməsi bizim ölkənin çoxmədəniyyətli keçmişinin və bu gününün tanınmasına, gələcəkdə isə onun təsdiqlənməsinə istiqamətlənmiş mühüm siyasi mesaj olacaq”, – Samirə Bayramova Novruz Bayramının istirahət günü elan edilməsi ilə bağlı bu məktubu Gürcüstan Parlamentinə göndərib, ancaq nəticəsi olmayıb.

Tariel Nakaidze ilə bağlı məsələni Tolerantlıq və Müxtəliflik İnstitutu araşdırır. Təşkilatın nümayəndəsi Mako Qavtadze bizimlə söhbəti zamanı bildirdi ki, bu günə qədər Gürcüstanda insanların mədəni-dini baxımdan mühüm tarixlərdən yararlanması problem olaraq qalır.

“Bildiyiniz kimi, bizim əmək qanunvericiliyi yalnız pravoslav bayramlarını istirahət günü elan edib və faktiki olaraq, bütün qalan dinlərin nümayəndələri qeyri-bərabər şəraitdə qalmalı olurlar. İş yerində adamlara bu hüquqdan fərdi istifadə edə bilmək imkanı verəcək və ya misal üçün, üzrlü səbəb hesab olunması üçün hansısa tənzimləmə də yoxdur. Əmək qanunvericiliyi ilə oxşar daxili tənzimləmələr də yoxdur. Dini bayramları qeyd etmək dini azadlığın çox əsaslı hüququnu təşkil edən hissəsidir. Faktiki olaraq, adamlar dini bayramlardan yararlana bilmirlər, onların dini azadlığı məhdudlaşdırılır. Sonuncu dəfə baş vermiş bu hadisə, eşidəndə ki, Parlament Tariel Nakaidzeni cərimələyib, o, tam obyektiv səbəbə görə sessiyalardan birində iştirak etməyib, Gürcüstan Parlamentindən hər hansı diskriminasiyanın olmamasını gözləməliyik. Parlament özü Tariel Nakaidzeyə qarşı bu ölçüdən istifadə edib və həmin ölçü isə problemin dərinliyini yaxşı göstərir”.

Mako Qavtadze hesab edir ki, Gürcüstanın rəngarəngliyindən irəli gələrək heç olmasa rəsmi istirahət günlərinin təqviminə nəzər salınanda işlə təmin edilənlər üçün zəmanətlərin olması mütləqdir. Onlar Əmək Məcəlləsi ilə elan edilmiş günlərdən əlavə, ildə ən az iki gün istirahət günündən yararlanmalıdırlar. Bunun üçün isə dövlətin icazəsi və öz vətəndaşlarını bərabər qəbul etməsi lazımdır.

Material "Marneuli" radiosu tərəfindən, USAİD-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə həyata keçirilən, Tolerantlıq və Rəngarənglik İnstitutunun "Gürcüstanda dini, etnik azlıqlar və miqrantların qanuna əlçatanlığının artırılması" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmununa görə, "Marneuli" radiosu tam məsuliyyət daşıyır və materialda səsləndirilən fikirlər yuxarıda qeyd olunan donor təşkilatın mövqeyini əks etdirməyə bilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google