“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı olacaq
11:46 / 25.03.2019
“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə
namizədi Zaur Darğallı olacaq.O,
bu vaxtadək Kvemo Kartli qubernatorunun müavini vəzifəsində
çalışırdı.
İctimai televiziyanın məlumatına görə, “Gürcü Arzusu”nun siyasi
şurasının katibi İrakli Qaribaşvili mer vəzifəsinə namizədləri
təqdim edib ki, bunların arasında Zaur Darğallı da var.
“Zaur Darğallı fərqli bir gəncdir. O, uzun müddətdir
ki, bizim partiyanın siyasi fəaliyyətində iştirak edir. Zaur bu
günədək Kvemo Kartli qubernatorunun müavini vəzifəsində çalışırdı.
Zaurun Kvemo Kartlidə uğurlu iş sahəsində böyük təcrübəsi var, o,
parlaq şəxsiyyətdir, etnik azərbaycanlıdır, bizim vətənimizin
layiqli övladıdır. İnanırıq ki, o, Marneuli bələdiyyəsindəki işinin
öhdəsindən də müvəffəqiyyətlə gələcək”, – Qaribaşvili
qeyd edib.
Zaur Darğallı bizimlə söhbəti zamanı qeyd etdi ki, seçkiöncəsi
təbliğat kampaniyası barədə “Gürcü Arzusu”nun Marneuli bürosunda
məsləhətləşmələrdən sonra ətraflı məlumat verəcək, Bu mərhələdə isə
öz proqramı və düşüncəsi barədə məlumat verməkdən imtina etdi.
Marneulidə mer seçkiləri 19 may 2019-cu ildə keçiriləcək.