Xəbərlər
Müəllim üçün məktəbdən kənar başlayan tədris ili
Maya Məmmədova səhər tezdən evdən çıxır, məktəbin həyətinə gedir və həmin məqamda da gözü yaşlı geri evə qayıdır. Sonra məktəb ləvazimatlarına baxır və fikrində dərsi yüz dəfə düşünür.



45 ildən sonra o, bu il ilk dəfə sinfə daxil olmayıb.

68 yaşlı tarixçi məktəbi tərk etməklə bağlı qərarı çox çətin verib.



“Dünən bir müəllim gördüm, məktəbə gedirdi, həmin an evin qapısını örtdüm və ağlamağa başladım. Bütün gün nə edim, həyətdə ora-bura gəzirəm. Əlimə kitablarımı alıram və keçdiyim dərsləri xatırlayıram, hansı şagird mənə nə demişdi. Neçə dəfə məktəbi düşünərək yeməyi yandırmışam”, - Maya Məmmədova deyir.



İlk dərsi 23 yaşında, Marneulinin 1 saylı orta məktəbində keçib. Ondan sonra məktəbi tərk etməyi heç düşünməyib. Məktəbdən təşəkkürnaməsini və həyatında ən dəyərli olanı gətirib:

“Uşaqların sevgisini gətirdim, uşaqlar mənim ürəyimdədir. Bir də öz kitablarımı gətirdim. Bəzilərinə uşaqların ad soyadı yazılıb, bununla onları xatırlayıram”, - 68 yaşlı müəllim deyir.

Maya Məmmədova təəssüflənir ki, uşaqlara Gürcüstanın bütün tarixi abidələrini göstərə bilməyib. Deyir ki, yeniyetmələr başqa ölkələrin mədəniyyəti ilə maraqlanırlar, özlərininkini isə tanımırlar. Dövlət dilini də bilmirlər ki, bu da çox şeydə onlara mane olur.

“Son dövrlərdə, hökumətin uşaqlara dövlət dili öyrənmək imkanı verdiyi zaman özümü dəyərli hiss etdim. Uşaqlara baxanda görürdüm ki, gürcü dilini bilmirlər. Nə dili başa düşürlər, nə də hərfləri dəqiq bilirlər. Mən də bacardığımı öyrədirdim və bu məni sevindirirdi”, - Maya Məmmədova bildirir.


Tarix müəlliminə Təhsil Nazirliyi məktəbi tərk etməsi qarşılığında mükafat olaraq 2 illik maaşını və daimi sığorta təklif edib. Çətin olsa da, o qeyd etdi ki, məktəbdə nəsillər mütləq dəyişməlidir.

“Düşünürəm ki, gənclər də çalışmalıdır. Bu da tarixdir, kimsə kimisə əvəz edir, düşündüm ki, yaxşı olar gedim, yolu gənclərə verim. Stresdəyəm, amma bilirsiniz, hər bir xəstəliyin dərmanı zamandır”, - 45 illik müəllim Maya gözləri dolmuş halda deyir.

Maya müəllimdən başqa nazirliyin təklifini Marneulidə daha 260 pensiya yaşlı müəllim qəbul edib. Təhsil Resurs Mərkəzində Marneulidə fəaliyyət göstərən 3000 müəllimdən neçə nəfərinin 60 yaşdan yuxarı olduğu barədə məlumat yoxdur.

FaceBook Twitter Google