Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov
Gürcüstanda bəzi şəxslər tərəfindən milli azlıqlara qarşı yol
verilən ayrı seçkiliyə və təhqirlərə münasibət bildirib.
Həmin yazını sizə olduğu kimi təqdim edirik.
"Ölkəmizin koronavirusla mübarizə apardığı çətin günlərdə
təəssüflər olsun ki, ara-sıra bəzi şəxslər tərəfindən bir millətə
və bölgənin sakinlərinə qarşı ksenofobiya xarakterli, kobud
təhqiredici və etikadan kənar yazılarının şahidi oluruq.
Bu “patriot” iddialı kor-koranə milliyətçi və nasist düşüncəli
insanlar, demokratik şəraitdə olan ölkəmizin söz azadlığından
sui-istifadə edib sosial media üzərindən bir vətəndaş xalqın
şərəfini alçaltmaq, hisslərinə toxunmaq məqsədi ilə təhqir və
böhtan qarışıq ifadələrlə dolu yazılar paylaşırlar.
Belə vəziyyətdə vətəndaşı olduğumuz dövlət və təhqir olunan
xalqımızın nümayəndəsi onlarla necə davranmalıdır?
Dövlətin müvafiq orqanları bir xalqın milli mənəvi dəyərləri
açıq-açığına təhqir edilərkən, həmin millətin nümayəndələrinin
hissləri ilə oynadıldıqda, qəti şəkildə cinayət məsuliyyətinə cəlb
etməli, təhqiramiz ifadələr işlədən kimliyindən, vəzifəsindən və
şəxsiyyətindən asılı olmayaraq, ölkə qanunları çərçivəsində qanunla
cəzalandırılmalıdırlar. Bu halın təkrarlanmaması üçün mütləq ciddi
ölçü götürülməlidir.
Bir vətəndaş və xalqımızın bir nümayəndəsi olaraq mənə görə təhqirə
təhqirlə cavab vermək, azacıq fərqli olsa da, müəyyən qədər səhvi
təkrarlamaq, vəziyyəti daha da gərginləşdirməkdən ibarətdir. Belə
halda təhqiredici ifadələr işlədənə heç cür səhvini anlatmaq olmaz,
həm də haqlı ikən haqsız duruma düşərək, öz milli keyfiyyətmizi
isbat edə bilmərik. Bir də ki, belə nalayiq yazılar əgər müəyyən
təxribat və məkrli planlar məqsədi ilə edilmiş olarsa, bu zaman
düşmənin dəyirmanına su tökmüş olarıq.
Bildiyimiz kimi, dinimiz də təhqirə yol verilməsinin əleyhinədir.
Təhqir və böhtan aciz insanların işidir. Ağıllı, ləyaqətli,
cəsarətli və qüdrətli insanlar təhqir və böhtana heç vaxt əl atmır,
əksinə öz mövqelərini üslubuna uyğun şəkildə dəlillərlə ortaya
qoyar, isbat etməyə çalışarlar.
Həzrət Məhəmməd Peyğəmbərimiz (s) buyurub:
“Kişinin
gözəlliyi dilinin gözəl dаnışmаsı ilədir.” İmаmımız
həzrət Əli (ə) isə:
“Dilin səni uzun müddətli zindаnа
və fəlаkətə sаlmаmışdаn qаbаq оnu zindаnа sаl. Çünki heç bir şey
düz yоldаn çıхаn və cаvаb verməyə tələsən dil qədər uzun müddətli
həbsə lаyiq deyil”, – deyə buyurubdur.
Nensi Uilyardın belə bir məsləhəti var:
“Mərdimazarın
əsas məqsədi qarşı tərəfin təmkinini pozmaqdır. Təmkini itirən şəxs
isə artıq onun əlinə düşmüş olur.”
Bir də ki, hər kəsin sözünə görə də narahat olub onları gözümüzdə
böyütməməliyik. Atalarımız demişkən
“Öz anasını sevən,
özgə anasını söyməz.” Ona görə də hər gizli
profillərlə və ya şəxsiyyəti bilinməyənə də cavab vermək lazım
deyil.
Necə ki, Şarl Lui Monteskyo demişkən
“Bəzən susmaq
deyilən bir çox sözdən daha çoxunu ifadə edər.”
Burada Mövlananın türkcə məşhur sözü də yada düşür:
“Suskunluğum asaletimdendir. Her lafa verilecek bir
cevabım var. Lakin bir lafa bakarım laf mı diye. Bir de söyleyene
bakarım adam mı diye?”
Sonda onu demək istərdim ki, çoxmillətli və çoxdinli rəngarəng
ölkəmizin hər bir guşəsi bizim vətənimizn bir parçasıdır. Bu vətən
də dinindən, millətindən və irqindən asılı olmayaraq bütün biz
vətəndaşların anasıdır. Bu günə qədər necə ki, əziz gürcü xalqı ilə
birgə azərbaycanlı vətəndaşlar da bu vətəni sevmiş, keşiyində
durmuş, onun rifahı, inkişafı və çiçəklənməsi uğrunda çalışmışlar,
bundan sonra da belə davam edəcəklər. Nalayiq sözlər yazıb
münasibətləri pozmağı düşünən insanlar da bilsinlər ki, onların
sözləri yalnız özlərinə nifrət qazanmaqdan başqa bir işə
yaramayacaq. Heç kəs millətlər arasında olan tarixi dostluğa xələl
gətirə bilməyəcək".
Hacı Ramin İgidov,
Gürcüstan Müsəlmanlar İdarəsinin
şeyxi