Burma və Təzəkənd kəndinin sakinləri meriya qarşısında aksiya keçrirlər
Bu gün, 3 avqust tarixində Sadaxlı inzibati ərazi vahidliyinə daxil olan Burma və Təzəkənd kəndinin sakinləri Marneuli meriyası qarşısına toplaşaraq yol infrastrukturunun qaydaya salınmasını və içməli su probleminin aradan qaldırılmasını tələb edirlər.

İllərdir kəndin yolunun təmirsiz vəziyyətdə olduğunu deyən Təzəkənd sakinləri bildirirlər ki, artıq 4 ilə yaxındır ki, onlara kəndlərinin yollarının asfaltlanması ilə bağlı vəd verilib. Onlar deyirlər ki, Sadaxlı, Xuldərə və Mollaoğlu kəndlərinin yollarına asfalt qatı çəkilməsinə baxmayaraq Təzəkənd kəndinin yolları hələ də təmirsizdir.

Sakinlər dəfələrlə Marneuli meriyasına yazılı surətdə müraciət etmələrinə baxmayaraq hələ də problemin həll olunmadığını deyirlər. 

“Bizim kəndin yolu yoxdur. Sərhəddə yaşayırıq. Yol problemi hamıdan əvvəl bizə söz verilmişdi. Afaltı yoxdu yolumuzun. Zaur Darğallı mer olmaq üçün səs yığmağa gələndə kişi kimi söz verdi ki, mən seçildimsə sizin yolunuz mütləq düzələcək. İndi seçki gəlir yolumuz hələ də düzəlməyib. Biz Gürcüstan vətəndaşı deyilikmi? haqqımız yoxdurmu? Gürcüstanın bir kəndə yol çəkmık imkanı yoxdurmu?”– Təzəkənd kənd sakini Həmid Vəlioğlu dedi.

Burma kənd sakini Elməddin Cəfərov isə kənddə içməli su probleminin olduğunu və meriya tərəfindən 2 avqust tarixinə qədər su probleminin aradan qaldırılacağı deyilsə də problemin öz həllini tapmadığını bildirdi.

Bu gün təxminən 40 nəfər kənd sakini meriya qarşısına toplaşıb. Burma və Təzəkənd kəndlərinin sakinləri kənddə içməli su probleminin aradan qaldırılmasını və yollarının asfaltlanaraq təmir olunmasını tələb edirlər.





Səhər saatlarından etibarən meriya qarşısına toplaşan sakinlər Zaur Darğallının gəlməsini gözləyirlər.

Print Email
FaceBook Twitter Google