Marneulidə Məhəmməd Əmin Rəsulzadə adına təşkilat fəaliyyətə başladı

30 iyul tarixində Marneulidə Məhəmməd Əmin Rəsulzadə adına təşkilat fəaliyyətə başladı. Təşkilatın əsas məqsədi Rəsulzadənin adının yaşadılması və onun tanıdılmasına xidmət etməkdir.

Təşkilatın rəhbəri və yaradıcısı İsa Qarayev "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, son zamanlar Məhəmməd Əmin Rəsulzadənin adı unudulur. Təşkilat rəhbəri onu da bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə Təşkilatı (MERT) həm də xeyriyyəçilik işləri ilə məşğul olacaq.

İsa Qarayev onu da bildirdi ki, təşkilatın əsas ofisi Marneulidə fəaliyyət göstərəcək və digər bölgələrdə də ofislərinin açılışını planlaşdırırılar. Həmçinin Məhəmməd Əmin Rəsulzadə adına fond da fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycanlı dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir.

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

 

 

Print Email
FaceBook Twitter Google