Marneuli bələdiyyəsində peyvənd vurulacaq məntəqələrin artırılması planlaşdırılır
Marneuli bələdiyyəsində peyvənd vurulacaq məntəqələrinin artırılması planlaşdırılır. İndiki mərhələdə peyvənd prosesi iki tibb müəssisəsində – “Geo Hospitals” çoxşaxəli klinikasında və Doğum Evi və Ambulatoriya Mərkəzində aparılır. Son həftə ərzində gündəlik 100-ə yaxın adam peyvənd olunur. Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin sözlərinə görə, peyvənd prosesinə daha bir neçə tibb müəssisəsi qoşulacaq və ola bilsin, peyvənd başqa inzibati ərazi vahidlərində də əlçatan olsun.

“Qrupların işləməyə başlaması üçün hazırlaşmağa ehtiyac var idi və hazırlaşdılar. Bunu Milli Səhiyyə Mərkəzi edir. “Aversi” və daha bir neçə klinika peyvənd prosesinə qoşulmalıdır. Qruplardan biri bizim Səhiyyə Mərkəzində olacaq. Ancaq hələ ki, onlar toplanmayıb. Yəqin yaxın gələcəkdə inzibati ərazi vahidlərinə də səfərlər başlayacaq. Bu səyyar qrup və ya inzibati binalar da ola bilər. Sonra dəqiq seçiləcək, bilmirəm. Marneulidə peyvənd prosesi davam etdirilir. Yerlərin çoxu dolub. Bu gün təxminən 80-dən 100 nəfərə kimi adam peyvənd olunub. Bu pis deyil, ancaq bu say artmalıdır”, – Tabatadze bildirdi.

Qeyd edək ki, ölkə miqyasında ümumilikdə 464 875 nəfər koronavirusa qarşı peyvənd olunub. Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, 31 iyul tarixində Gürcüstan əlavə 186 000 “Pfizer”-peyvəndi qəbul edəcək.

“Bu gün ölkədə 161 qurum işləyir və bu qurumlarda 380 briqada peyvənd vurur. Dünən gecə “Pfizer”-ə görə 26 peyvənd olunmuş briqada əlavə olundu. Sabah 168 000 dozanın gətirilmə imkanı da var. Bu gün ölkədə müxtəlif peyvəndlərin – “Pfizer”, “Astrazeneka”, “Sinovak” və “Sinofarm”-ın 2 milyona qədər dozası durur. Ciddi ehtiyat yaradılıb ki, əhali kütləvi şəkildə peyvənd olunsun. Məhz ölkədə bugünkü epidemiyaya qalib gəlmək kütləvi peyvənddən asılıdır”,
– Amiran Qamkrelidze bildirib.

Print Email
FaceBook Twitter Google