Həmrəylik muzeyi Marneulidə ofis açır
Həmrəylik muzeyi Marneulidə, 9 aprel küçəsində yeni ofis açır. Ofisin bir neçə funksiyası olacaq.

Həmrəylik muzeyinin rəhbəri Elnur Əlisoy “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yeni ofisin əsas funksiyası muzey komandasına iş məkanı yaratmaqdır.

“Muzeyin 18 nəfərlik komandası və əlavə olaraq könüllülər üçün məkan olacaq. Orada toplaşacağıq və iş yerimiz olacaq. Elə mühit yaratmışıq ki, biz araşdırmalar apara və topaldığımız bütün məlumatlar üzərində işləyə bilək. Eləcə də, kiçik məkanımızı gözəlləşdirməyi və gələcəkdə ofisin bir tərəfində sərgi yaratmağı düşünürük”.

Əlisoyun sözlərinə görə, indiki mərhələdə ofisdə yenidən təmir işləri aparılır və yaxın gələcəkdə başa çatacaq.


Həmrəylik muzeyinin məqsədi Gürcüstanda qeyri-dominant etnik və dini qrupların təşkili və onların hüquqi vəziyyətini yaxşılaşdırılmasıdır ki, öz kimliklərini, mədəni irsilərini qoruya, tanıda bilsinlər.

“Biz əsasən Kvemo Kartli və Kaxetidə işləyirik. Ancaq bu iki ərazi ilə məhdudlaşmırıq. Abidə statusu olmayan abidələri tapır və araşdırırıq. Bununla Gürcüstan Mədəni İrsin Mühafizəsi Milli Agentliyinə kömək edirik. Biz materiallar hazırlayırıq və müvafiq qurumlara təhvil veririk ki, abidələr barədə məlumatları olsun, onları tanıya, qoruya, qayğısına qala bilsinlər”.

Həmrəylik muzeyinin rəhbərinin sözlərinə görə, indiki mərhələdə əsas üç layihə üzərində işləyirlər. Etno-turlar keçirir, turlardan sonra səfər iştirakçılarının onlarla bölüşdüyü təəssüratlar əsasında isə tövsiyələr hazırlayırlar. İkinci layihənin məqsədi Marneulidə diyarşünaslıq muzeyi açmaqdır. Təşkilat nümayəndələri isə bu ideyanı təşviq edəcəklər.

Üçüncü layihə çərçivəsində isə təşkilat Kvemo Kartlidə abidələrin, muzeylərin və büdcə məsələlərinin monitorinqini müzakirə/analiz edəcək. Araşdırma nəticəsində əldə olunmuş tövsiyələri isə müvafiq qurumlara çatdıracaq.
Print Email
FaceBook Twitter Google