Marneuli Bələdiyyə Məclisi yeni il tədbirləri üçün 140 000 lari ayrılmasını dəstəkləyib
Marneuli Bələdiyyə Məclisi yeni il tədbirlərinin keçirilməsi üçün 140 000 lari ayrılmasını dəstəkləyib.

Marneuli Bələdiyyə Məclisinin bu gün, 5 dekabr tarixində keçirilən iclasında 2022-ci ilin büdcəsində edilmiş dəyişiklikləri müzakirə ediblər. Dəyişikliklərdən biri mədəni tədbirlər üçün büdcənin artırılması ilə bağlı idi.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Maia Naveriani iclasda bildirib ki, Marneulidə yeni il tədbirlərinin keçirilməsi 30 dekabr tarixində planlaşdırılıb.

“Mədəni sahə tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan məbləğ artırılıb və 140 000 lari olub. Burada 30 dekabrda keçiriləcək yeni il tədbirləri nəzərdə tutulur. Yeni il tədbirləri çərçivəsində uşaq-əyləncə məkanları, yeni il yarmarkası, sərgi-satışlar qurulacaq, yeni il evləri yerləşdiriləcək. Müxtəlif yerlərdə foto çəkdirmək üçün sahələr, yeni il dekorasiyaları olacaq. Bələdiyyədə yaşayan uşaqlara Şaxta Baba hədiyyələr, şirniyyat verəcək. Axşam saatlarında konsert baş tutacaq. Yeni il tədbirləri atəşfəşanlıqla başa çatacaq”, – Maia Naveriani bildirib.

Qeyd edək ki, Marneuli meriyası 2023-cü ilin gəlişi ilə əlaqədar artıq bir neçə tender elan edib. Elan edilmiş üç tenderə görə, yerli özünüidarə yeni il üçün 360 650 lari ayırıb. 199 900 lariyə şəhərin işıqlarla bəzədilməsi, 65 600 lariyə süni şam ağacının alınması, 85 150 lariyə isə tədbirlərin keçirilməsini planlaşdırırlar. 2023-cü ilin gəlişi ilə əlaqədar yeni il şam ağacının işıqlandırılması tədbirinin təşkil edilməsi üçün bələdiyyə 22 noyabrda tender elan edib.

"Marneuli" Radiosu

Print