“Vahid Milli Hərəkat” partiyasının keçmiş üzvü və Gürcüstan
Parlamentinin keçmiş deputatı Azər Süleymanovun oğlu Mirzə
Süleymanov Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi
vəzifəsinə təyin olunub.
Mirzə Süleymanov bu ilin yanvarından Sloveniyadakı səfirlikdə
birinci katib kimi fəaliyyətə başlayıb.
Azər Süleymanovun “Marneuli” radiosuna bildirdiyinə görə, onun
övladı ABŞ-da təhsilini bitirdikdən sonra Gürcüstana qayıdıb və
ölkədə fəaliyyət göstərən şirkətdə işləyib.
“Gürcüstan Xarici İşlər Nazirliyində müsabiqə elan
edilmişdi. 1 000 nəfərdən artıq şəxs müsabiqədə iştirak edirdi.
Övladım xaricdə, ABŞ-da təhsil aldığına və bir neçə dil bildiyinə
görə, müsabiqənin bir neçə mərhələsindən uğurla keçdi. Ondan sonra
XİN-də işə qəbul olundu. Təxminən orada da 4-5 ay işlədi. Daha
sonra dil imtahanı verdi və bunu da uğurla keçərək Gürcüstanın
Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə
gətirildi”, – Azər Süleymanov dedi.
Keçmiş deputatın sözlərinə görə, artıq azərbaycanlı gənclər
Gürcüstanda və xaricdə uğurlar qazanmağa başlayıblar. Bu da onları
çox sevindirir.
“Bu bir ata və valideyn üçün sevindirici bir haldır ki,
çəkdiyimiz əziyyət boşa getmədi. Hər bir valideynə belə gözəl
günlər arzulayıram. Onlar da övladlarının uğurları ilə sevinsinlər.
Son illərdə görürəm ki, azərbaycanlı balalarımız hər yerdə böyük
uğurlar qazanırlar. İstər Gürcüstanda, istərsə də xaricdə müxtəlif
universitetlərdə dərs deməyə başladılar. Artıq pilot qızımız da
oldu. Elə bunun özü sevindirici bir haldır. Artıq gənclərimiz
təhsilə daha çox üstünlük verirlər. Nəinki çayxanalarda oturmağa!
Valideynlərə də müraciət edirəm ki, övladlarının təhsili ilə məşğul
olsunlar. Heç nədən asılı olmayaraq hər bir övlada təhsil lazımdır.
Hər birimiz təhsilli gələcək yetişdirməliyik”, –
Süleymanov dedi.
Qeyd edək ki, Marneulidən olan gənc diplomat Mirzə Süleymanov
1995-ci il 27 avqustda Marneulidə anadan olub. O, ilk təsilini 5-ci
sinifə qədər Marneuli 2 saylı ictimai məktəbində alıb. Daha sonra
orta təhsilini Tbilisi Beynəlxalq Britaniya Məktəbində davam
etdirib. Orta məktəbi bitirdikdən sonra Süleymanov ABŞ-da Texas
Universitetinin bakalavr və magistr piləsini bitirib. Mirzə
Süleymanov azərbaycan, gürcü, ingilis, rus, ispan və türk
dillərində bilir.