Bu gün, 15 fevral tarixində Avropa İttifaqının Gürcüstandakı səfiri
Pavel Helçinski Marneuliyə səfər edib.
Səfər çərçivəsində yerli hakimiyyət nümayəndələri, gənclər və mülki
fəallarla görüş baş tutub.
Səfirin bizimlə söhbəti zamanı bildirdiyinə görə, onun üçün
Marneuliyə qonaq gəlmək çox xoşdur. O, bildirir ki, Avropa İttifaqı
inkluzivlik, bərabərlik və rəngarəngliyi dəstəkləyir.
“Həqiqətən də xoşbəxtəm ki, sizinlə Marneulidə söhbət
edə bilirəm. Bu mənim üçün Gürcüstanın daha bir rayonuna mühüm
səfərimdir. Öz çoxmillətliliyi və rənagrəngliyi ilə tanınan bir
regiondur. Məni yerli hakimiyyət qarşıladı. Şəhər meri və Marneuli
Bələdiyyə Məclisinin sədri ilə görüşdüm. Bizim “Qırmızı Körpü”
təşkilatı ilə görüşümüz oldu. Bu, yerli gənclər üçün mühüm
təşkilatdır, fərqli təcrübələri var, birlikdə işləyirlər ki, fərqli
icmalar arasında körpü yaratsınlar”, — Avropa
İttifaqının Gürcüstandakı səfiri bildirdi.
Pavel Helçinski Gürcüstanda yaxınlaşan seçkilərdən də danışdı. O,
müsahibəsində bildirdi ki, Gürcüstanda seçki kampaniyasının və
ümumiyyətlə seçkilərin şəffaf, ədalətli keçiriləcəyinə ümid
edir.
“Avropa İttifaqı olaraq biz heç kimi dəstəkləmirik. Biz
xüsusilə hansısa siyasi qüvvəni dəstəkləmirik. Bizim həqiqətən də
qayğısına qaldığımız azad və ədalətli seçkilərdir. Eləcə də azad və
ədalətli seçki prosesi. Bu 9 bəndlik tövsiyə üçün ikinci addımdır
ki, Gürcüstan ötən ilin dekabrında qəbul edib. Mən ümid edirəm ki,
Gürcüstanda seçki kampaniyası ali beynəlxalq standartlarla
keçiriləcək”.
Səfərin sonunda səfir Helçinski Samşvilde kəndində “Orbi yuvası”
sosial müəssisəsinə gedib. Bu Avropa İttifaqı tərəfindən
dəstəklənən layihədir ki, davamlı turizm, yerli gücləndirmə
nümunəsidir. Müəssisə istifadəçilərə turizm xidmətlərinin geniş
spektrini təklif edir və yalnız regionun mədəni irsinin
tanıdılmasına deyil, həm də öz fəaliyyətində yerli qadınların
iştirakı vasitəsi ilə inklüzivliyə də dəstək olur.