Marneulidə qanunsuz zibilliklər problemi və bələdiyyənin planları
Qasımlı kəndi Marneulidən təqribən 30 kilometr
məsafədə yerləşir.
Kəndə gedənə qədər başa düşmək olur ki
,Marneulidə bir çox qeyri-qanuni zibillik var və bu zibilliklər
yaşayış evlərinə çox yaxın yerləşir.
Qasımlı kəndi də bu baxımdan istisna deyil, zibillikdə uşaq
bezlərinə, şüşə və plastik su qablarına, şüşə parçaları, məişət
texnikası, heyvan və quş cəsədinə rast gələcəksiniz. Əhali sanki
mövcud vəziyyətə uyğunlaşıb və zibilliyə hər gün yeni tullantılar
əlavə olunur.
Mövcud vəziyyəti isə zibil qutularının olmaması ilə izah edirlər.
Məhz bu tullantılar tez-tez oradan axan suvarma kanalına düşür.
Əhali isə həmin su ilə müxtəlif məhsulları suvarır.
Gürcüstanın aqrar bazarlarında isə Marneulinin pomidoru xüsusi yer
tutur və ticarətçilər də bunu natural və təhlükəsiz məhsullardan
biri hesab edirlər. Demək olar ki, Marneulili əhalinin əksəriyyəti
kənd təsərrüfatı ilə məşğuldur və hamı kənd təsərrüfatı
məhsullarını çirkli su ilə suvarmalı olur.
“Bizdə zibili su kanalına və yola da atırlar. Mən özüm
məhsulu suvaran zaman yüz cür tullantı gəlir və bununla məhsul
yetişdirirəm. Qutular da yoxdur ki, kiməsə irad
bildirək” – Hafiz Yusubov deyir.
“Hər hansı zibili su kanalına atırlar. Bu isə kəndin
çirklənməsinə səbəb olur. Heç yerdə zibil qutusu qoyulmayıb. Haraya
istəyirlər oraya da atırlar. Bu sudan isə məhsul və məişət
işlərində istifadə edirik”, – İlyas Səfərov
deyir.
“Uşaqların bezini də suya atırlar. Susuz nə edə
bilərik. Məhsul becərmək üçün də bu sudan istifadə edirik və
mal-qaraya da bu suyu içiririk”, – Qulu Əsgərov
deyir.
Əhalinin çirkli su ilə məhsul yetişdirməsindən əlavə ev heyvanları
da evlərin qarşısına atılan tullantılarla otlayır. Elə hallar olub
ki, iribuynuzlu mal-qara atılan iynələrdən və ya plastik
torbalardan boğulub. Çox hallarda ev quşları da tullantılarla
qidalanır, sonra bu toyuqlar, qaz və ördəklər sahibinin yaxud
bazardakı müştərinin əsas qidasına çevrilirlər.
Marneuli bələdiyyəsində 83 kənd var və qeyri-qanuni zibilliklərin
sayı 86-dan artıqdır. Demək olar ki, Marneulinin hər bir kəndində
minimum bir zibillik var. Doğrudur yerli meriya zibilliklərin
təmizlənməsinə başlayıb və indiyə qədər təqribən 20 kənddə
təmizlənib, ancaq təmizliyin qorunması zəmanəti aşağıdır.
Bələdiyyənin balansında cəmi 580 zibil konteyneri və 11 zibil
daşıyan maşın var, bu isə yetərli deyil.
Tullantılarla çirklənmiş mühit ilk növbədə sağlamlığa mənfi təsir
göstərir. Bunu Qafqaz Ekoloji Qeyri Hökumət Təşkilatları
Şəbəkəsinin CENN-nin “tullantıların emalı proqramının” rəhbər
müavini Nino Tevzadze də təsdiqləyir.
“Çox hallarda qeyri-qanuni zibilliklər çay və su
obyektlərinin yaxınlığında yerləşir. Təbiidir ki, belə yerlərdə
yetişdirilən məhsul və bu su ilə suvarılan kənd təsərrüfatı məhsulu
sağlamlığa yararlı deyil. Ona görə də fəal tədbirlər görülməlidir.
Bizdə plastik əşyalardan böyük miqdarda istifadə olunur. Onlar
arasında birdəfəlik əşyalar çoxdur və ətraf mühitdə onlar məhv olub
çürümürlər. Təəssüf ki, bu tullantılar yenidən bizim qida
zəncirimizə düşür və sağlamlıq üçün ciddi problemlər
yaradır”, - Nino Çxobadze deyir.
Tevzadze hesab edir ki, yerli əhali ilə çalışmağın böyük əhəmiyyəti
var. Xüsusilə məktəb mərhələsindən buna başlamaq lazımdır. CENN
dəfələrlə məhz bu istiqamətdə kampaniyalar, seminarlar və təlimlər
keçirib ki, əhali özü səhv hərəkət etdikdə hansı təhlükə ilə
qarşılaşacağını başa düşsün.
2019-cu ilin bir fevralından tənzimləmə qüvvəyə minib və ona əsasən
bələdiyyədə tullantıların ayrı-ayrı toplanması üçün müvafiq
infrastruktur qurulmalıdır.
Kağız, alüminium, şüşə və plastik tullantıları toplamaq üçün
bələdiyyədə müvafiq yer ayrılmalıdır və vətəndaş tullantıları oraya
atmalıdır.
Marneuli meriyası üzvi tullantıların emalı üçün beşillik plan
işləyib və plana çeşidləmə və emal məsələləri də daxildir. Marneuli
bələdiyyəsinin İnformasiya və Statistika Şöbəsinin rəhbəri İrine
Macaraşvili deyir ki, Marneuli üçün tullantıların emalı
üstünlüklərdən biridir.
“Tullantıların emalı mərhələli şəkildə olur. Məişət
tullantıları ilə bağlı beşillik fəaliyyət planı hazırlamışıq və
orada çox mərhələlər qeyd olunub. Müvafiq olaraq burada çeşidləmə
sahələri də nəzərə alınıb. Marneuli bələdiyyəsinin ərazisində olan
problemləri araşdırmışıq və üstün məsələləri qeydə almışıq. Onlar
arasında çeşidləmə də var”, - İrine Macaraşvili
deyir.
“Yaşıl hərəkat/Yer kürəsinin dostları”nın sədri Nino Çxobadze
Marneuli bələdiyyəsində müəyyən qədər tullantıların çeşidlənməsi
mexanizminin qüvvəyə minməsi faktını müsbət dəyərləndirir. Ancaq o,
əsas problem olaraq mövcud texnikanın az olmasını və büdcənin uyğun
olmamasını qeyd edir.
“Yaşıl qutularla bağlı problem var və zibili hara
aparaq sualı eşidilir. Beşillik fəaliyyət planında çeşidlənmə
məsələsi mütləq qeydə alınmalıdır. Zibil daşıyan maşınlar ayrı
olmalıdır ki, bunu toplasın. Bir maşına bütün zibilləri toplamaq
olmaz. Bu yalnız Marneulinin problemi deyil. Bu bütün Gürcüstanın
problemidir. Real olaraq bələdiyyələrdə texniki təminat
çatışmır”, - Nino Çxobadze deyir.
Çxobadzenin dediyinə görə, Marneulidə və ümumiyyətlə Gürcüstanda
olan ən böyük problem büdcəyə qoşulmadır. Büdcədə beşillik plana
yazılacaq üstünlüklərin həyata keçirilməsi üçün məbləğin yazılması
vacibdir. Əks halda çeşidləmə yalnız formal şəkildə olacaq və real
nəticə əldə edə bilməyəcəyik. Çeşidləmə sistemini idarə etmək isə
Avropa İttifaqı ilə bağlanan razılşamaya əsasən öhdəlikdir, bu isə
deməkdir ki, əhalinin daha çox təhlükəsizliyi və daha yaxşı
sağlamlıq durumu olacaq. Çeşidləmənin və tullantıların emalının
səmərəli şəkildə həyata keçirilməsi isə zibilin kütləsini
azaldacaq.