Ədəbiyyat və İnterpretasiya
verilişinin 4-cü buraxılışı bilavasitə Homerin İliada əsərinə həsr
olunur. Poema Axillesin qəzəbiylə başlayıb onun hirslənməsi ilə də
bitir
.
Poema bu sözlərlə başlayır:
“Söylə, söylə, ey ilahə Peley oğlu Axillesin
Axeyləri min bəlaya düçar edən qəzəbindən, -
Çox igidin mərd ruhunu atdı Aid aləminə,
Bədənini yem elədi qurda-quşa həmin qəzəb.
O
gündən ki, Axilleslə hökmürəvan Atreyoğlu
Bəhsə girib, ayrıldılar, düşman olub bir-birinə,
Ulu Zevsin qəzəbi də qənim oldu Fanilərə”. (Tərc. Mikayıl
Rzaquluzadə)
Bu verilişdə yunanlar və troyanlar arasında dəhşətli qırğından
yaxından tanış oluruq. Bunun üçün savaşlar parça və hissə şəklində
birbaşa poemadan oxunur.
Bu savaşda Allahlar da iki düşərgəyə bölünüb və hər bir düşərgə
insanlar arasında özünün seçdiyi igidlərə yardım edir.
Axilleslə Aqamemnonun bəhsinin səbəbi Aqamemnonun Apollonun kahini
olan Xrisin qızı Xriseidanın atasına geri qaytarmamasıdır. Buna
görə kahin Xris Apollona yalvararaq onu intiqama çağırır. Apollon
göydən enir yunan qoşunu arasında ox ataraq onları yoluxucu vəba
xəstəliyinə düçar edir.
Aqamemnonu buna görə çox tənqid edirlər və onu ən çox məhz Axilles
təhqir edir. Aqamemnon Axillesin qəlbinə toxunmaq üçün Xriseidanın
əvəzinə Axillesin Briseida adlı qadınını əlindən alır. Bu Axillesi
incidir və o savaşdan çəkilərək anası - Gümüşayaq Fetidadan xahiş
edir ki, Zevs bir müddət qələbəni troyalılara verməklə yunanlıları
ona yalvarmağa vadar etsin. Həqiqətən də troyalılar Hektorun
sərkərdəliyi ilə yunanları çox sıxışdırırlar. Bu savaşda Hektorla
birlikdə onun müttəfiqi olan Anxiz oğlu Eney də
fərqlənməkdədir.
Eney məhəbbət ilahəsi Afroditanın oğlu və yarımallahdır. Verilişdə
daha çox Eneyə diqqət vermək tərəfimizdən heç də təsadüfi deyildir,
çünki artıq Roma dövründə ona və onun Troya savaşlarından sonrakı
igidlikləri barədə latınca ayrıca poema yazılmışdır.
Yunanlar ağır tələfat verərək gəmilərinə doğru geri çəkiləsi
olurlar. Hətta troyalılar gəmilərə belə od vuramağa nail olurlar.
Bu Allahlar üçün artıq bir əlamətdir, zira gəmilərə od vurduqdan
sonra Axilles savaş meydanına təkrar qayıtmalıdır.
Ancaq troyalıları gəmilətdən dəf etmək üçün Axilles yaxın dostu və
silahdaşı Patroklu göndərərək troyalıları yalnız gəmilərdən
uzaqlaşdırmağı və Hektorla əsla açıq meydanda döyüşməməyi bərk-bərk
tapşırır. Lakin savaşa susamış Patrokl bu məsləhəti unudur və
nəticədə Hektor tərəfindən öldürülür.
Bundan sonra baş verəcək hadisələri isə gələcək verilişimizdə
öyrənə bilərsiniz.