İaşə obyektləri, restoranlar, kafelər və barların açıq və qapalı
məkanları, kinoteatrlar, teatrlar, opera, muzeylər, konsert
zalları, əyləncə mərkəzləri, kazinolar, oyun biznesi obyektləri,
spa mərkəzləri, fitnes zalları, mehmanxanalar və dağ kurortlarının
kanatları
– bu 1 dekabr tarixindən vətəndaşların “yaşıl pasport” prinsipi ilə
daxil ola biləcəyi obyektlərin siyahısıdır. Əgər şəxs tam vaksin
olunubsa, 72 saat qüvvədə qalacaq PCR test, yaxud 24 saat qüvvədə
olan antigen test etdiribsə, ya da koronavirus keçiribsə, onun
yaşıl statusu var. “Yaşıl pasport” tələbi 18 yaşdan yuxarı olan
vətəndaşlar üçün qüvvədədir.
“Marneuli” radiosu Marneuli bələdiyyəsindəki vəziyyətlə maraqlandı.
“Yaşıl pasport” konsepsiyasına riayət olunur, yoxsa yox, biznes
operatorlar bunu necə qarşılayıb. Biz 10-a yaxın müəssisəyə ya zəng
vurduq, ya da getdik. Demək olar ki, onlardan əksəriyyətinin yeni
tənzimləmə barədə məlumatı var idi. Ancaq müəyyən öhdəliyin
götürülməsini və vəziyyətin aydınlaşdırılmasını gözləyirlər.
“Marneuli” mehmanxanasının rəhbərliyi bildirdi ki, “yaşıl
pasportlar” barədə məlumatları var, ancaq bu gün heç kimdən tələb
etməyiblər. Çünki qonaqları olmayıb.
“Düzünü desəm, bu gün heç kimi qəbul etməmişik ki,
yaşıl kart tələb edək. Gəlsələr, tələb edəcəyəm. 1 dekabrdan
qüvvədə olacağına dair məlumat veriblər, biz də gözləyirdik ki,
kimsə gələcək və bizi məlumatlandıracaq. Hər şeyə riayət edəcəyik,
əsas odur ki, sağlam və yaxşı olaq”.
Marneulidə yerləşən “Sadğeqrdzelo” restoranının nümayəndəsi
bildirdi ki, hazırlaşırlar və necə lazımdırsa, elə də hərəkət
edəcəklər.
“Hazırlaşırıq, necə qərar verərlərsə, elə də edəcəyik.
Necə əmr versələr və desələr, elə hərəkət
edəcəyik”.
“Qafqaz” mehmanxana və restoranının baş mühasibi bildirdi ki, yeni
tənzimləmələrlə bağlı artıq restoranlar hazırlığa başlayıb və
məlumat üçün yazılar da vurublar. Açıqlayıblar ki, qurum indi
adaptasiya prosesindədir.
“Hazırıq, sadəcə adaptasiya baxımından çox çətin
prosesdir. Düşünürəm ki, biznes bunun üçün hazır deyil. Hələ ki,
Marneulidə. İlkin mərhələdə, bizdən asılı olan hər şeyi etdik və
artıq presedent gözləyirik. Əgər yoxlama gələrsə, nə olacağını,
necə olacağını desələr, işimizi daha da asanlaşdırarlar. Nə
yazıblar, hansı qanunu qəbul ediblər, hələ ki, ona əsasən
hazırlaşırıq”.
“Qafqaz” mehmanxanasının meneceri bildirdi ki, bu gün artıq ilk
presedent baş verib, qonaqları yaşıl kart təqdim etdikdən sonra
qəbul ediblər.
“Bizim artıq yaşıl kartla iki qonağımız var. Bizim
tərəfimizdən nəzarət olunur. Qəbulda xüsusi alət qoymuşuq və həmin
alət vasitəsilə nəzarət aparılır”.
Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Xidməti, DİN və Gəlirlər
Xidmətinin müvafiq departamentləri, yerli bələdiyyələr, Ərzaq
Təhlükəsizliyi Agentliyi monitorinqi təsadüfi prinsiplə həyata
keçirəcək.
Yerli bələdiyyə Marneulidə vəziyyətə nəzarət edəcək, ya yox –
Marneuli meriyasından bildirdilər ki, hələ monitorinq barədə hər
hansı tövsiyə qəbul etməyiblər. Ancaq əgər bu baxımdan hansısa
öhdəlik verilərsə, səlahiyyətləri çərçivəsində hazır olduqlarını
bildirəcəklər.
Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Beka Peradze yeni
tənzimləmələrlə bağlı açıqlama verib.
“İlk günlər aydındır ki, tövsiyə xarakteri daşıyacaq və
biz biznes operatorlara, eləcə də vətəndaşlara kömək edəcəyik ki,
qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş xidmətlərdən
maneəsiz yararlana bilsinlər”.
Yaşıl pasportu olmayan şəxsin obyektə buraxılmasına görə həmin
qurum məsuliyyət daşıyır. Qaydanı pozduqları halda hüquqi şəxslər
üçün cərimə 10 000 lari, fərdi sahibkarlar üçün 2 000 lari təşkil
edir. Qanun pozuntusu təkrar olunan halda isə obyekt
bağlanacaq.