Ötən il “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana
daşıdığı sərnişinlərin sayı 70 154 nəfər təşkil edib.
Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin illik hesabatında
bildirilib.
Sənədə əsasən, 2021-ci ildə Azərbaycanın milli daşıyıcısı
Gürcüstanın aviasiya bazarında 2,9 %-lik paya sahib olub.
İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə AZAL-la uçan
sərnişinlərin sayı 3,6 dəfə artıb. 2020-ci ildə sərnişin daşınması
koronavirus pandemiyası səbəbindən yalnız I rübdə həyata
keçirilib.
2021-ci ildə Gürcüstana ən çox sərnişin daşıyan xarici
aviaşirkətlərin ilk üçlüyünə “Türkiyə Hava Yolları” (274 404
nəfər), “Wizz Air” (202 286 nəfər) və “SkyUp Airlines” (192 921
nəfər) daxil olub.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanla
Gürcüstan arasında uçuşlar 2020-ci ilin martından bir il ərzində
dayandırılmışdı. AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways”
şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri 2021-ci ilin
martın 19-dan bərpa edib.
Mənbə: report.az