Kürtlər kəndində gənclərin biliklərinin inkişafı üçün yeni təhsil mərkəzi fəaliyyətə başlayıb – (Foto-Video)
Kürtlər kəndində ilk dəfə olaraq təhsil mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin təsisçisi Elmlər namizədi, Fəlsəfə doktoru, təqaüdçü İsmixan Abdullayevdir.

O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, uzun zamandır, öz biliklərini gənclərlə bölüşmək məqsədi ilə təhsil mərkəzi açmaq qərarına gəlib. 3-4 aydır ki, o, öz məqsədinə nail olub və kənddə təhsil mərkəzi açaraq gənclərin asudə vaxtlarını dəyərləndirmələri üçün onlara imkanlar yaradıb, riyaziyyat və şahmat üzrə kurslar təşkil edib.

“Məqsədim odur ki, savadımdan, bilik və qabiliyyətimdən istifadə edərək gələcək nəsilləri maarifləndirim. Onlar da bu sahədə biliklərə yiyələnsinlər. Mən elmlər namizədi, fəlsəfə doktoruyam. Orta məktəbi qızıl medalla bitirmişəm. Özümdə müəyyən potensial hiss edirdim ki, bu potensialımı gələcək nəsillərə çatdırmaq istədim. Həm də burada mənim bir məqsədim də odur ki, həyatım maraqlı keçsin, özümdə olan qabiliyyəti evdə oturub məhv etməyim. Onu kiməsə çatdırım, ötürüm, onlar da bu biliklərə sahib olsunlar. Burada çoxlu sayda riyaziyyatdan, şahmatdan öyrənmək istəyən, şagirdlər var. Bu mənim üçün böyük şərəfdir, fəxrdir. Bundan sonra da Baydardan, Kürtlərdən, başqa kəndlərdən də gələnlər olacaq. Burada hər hansı təmənna yoxdur. Məqsəd odur ki, mən evdə boş oturmayım, biliyimi gənclərlə bölüşüm və faydalı işlərlə məşğul olum”.

Abdullayev deyir ki, ilk günlər onların mərkəzində lazımi avadanlıqlar olmayıb. Lakin “Socar” neft şirkəti onun təsis etdiyi mərkəzə stol, stul və şahmat avadanlıqları göndərib. Beləliklə o, hazırda gənclərlə daha rahat şəkildə öz biliklərini bölüşə bilir.

“Avadanlıqlar təxminən 10 gündür ki, gəlib. Mənim oturmağa stol, stulum yox idi. Şahmat avadanlıqlarımız yox idi. “Socar”-dan bizə böyük kömək oldu və bu avadanlıqlarla bizi təmin etdilər. Arzu edənlər getdikcə çoxalır. Onlar mənim nəvələrim olduqları üçün mən hər birinə vaxt ayıracağam. Bu mənim üçün böyük bir şərəfdir. Mən hər gün buradayam. Bəzən öz yaşıdlarım da gəlirlər, çay içirik, vaxt keçiririk. Tələbələr gələndə isə onlarla məşğul oluram. Hansı kənddən olursa, olsun, kim istəyir, gəlib bizimlə biliklərini inkişaf etdirə bilərlər”,– İsmixan Abdullayev dedi.

Nuran Binnətova mərkəzin yetirmələrindən biridir. Onun sözlərinə görə, kənddə ilk dəfədir ki, belə kurslar açılıb. O, bu cür kursların olmasından məmnunluq hissi duyduğunu bildirir.

“2 həftədir ki, kurslara qatılmışam və çox məmnunam. Kəndimizin uşaqları üçün bu kursların olması çox yaxşıdır. Mən həm şahmat, həm də riyaziyyat kurslarına qatılıram. Müəllimimizə çox təşəkkür edirəm ki, bizə belə imkan yaradır. Biliyimizi daha da genişlədirik. İlk dəfədir, belə kurslara qoşuluram və çox məmnunam. Kənddə belə bir fürsət yarandığı üçün istədim ki, belə bir fürsəti dəyərləndirim. Bu kurslara qoşuldum və yaxşı ki, qoşulmuşam”.

Kənddə riyaziyyat və şahmat kurslarının olduğuna sevinən gənclərdən biri də Xədicə Məmmədovadır. Xədicə deyir ki, şahmat kurslarının olması kənddəki gənclərin məntiqlərini, qabiliyyətlərini inkişaf etdirmələri üçün olduqca vacibdir.

“Kəndimizdə kursun açılmasına görə məmnunam. Riyaziyyat və şahmat kurslarına gedirəm və bu mənim biliyimin inkişafı üçün çox yaxşıdır. Riyaziyyatdan öz bilik və məntiqimi inkaş etdirməyə çalışıram. Bilmədiyim bir şeyi öyrənməyə çalışıram ki, daha da yaxşı öyrənim. Əvvəllər belə kurslara getməmişəm, Ukraynada yaşadığım zaman riyaziyyatdan hazırlığa gedirdim, indi isə kəndimizə gəlmişəm və çox sevinirəm ki, kəndimizdə belə kurslar var. Şahmatın olması kənddəki uşaqlar üçün olduqca yaxşıdır. Bu uşaqların məntiqini inkişaf etdirmək üçün əla üsuldur”.

Məlumat üçün bildirək ki, mərkəzin təsisçisi İsmixan Abdullayev 40 ildən artıq təhsil sahəsində fəaliyyət göstərib. Onun illər ərzində bir çox kitabı çap olunub. Bu yaxınlarda isə şeirlər və aforizmlərdən ibarət daha bir kitabı çapdan çıxıb. Abdullayev 1948-ci ildə Kürtlər kəndində anadan olub. Orta təhsilini Baydar orta məktəbində alıb. Daha sonra isə ali təhsilini davam etdirmək üçün Bakı şəhərinə yollanıb. Bakı Dövlət universitetidə mexanika və riyaziyyat fakültəsindən məzun olub. Qazax Müəllimlər İnstitutunun prorektoru, Ağcabədi Müəllimlər Universitetinin rektoru vəzifələrində çalışıb.


"Marneuli" Radiosu


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google