Qaraçöp icmasının Qazlar kəndində kənd yığıncağı keçirilib (FOTO)
30 oktyabr tarixində Saqareco bələdiyyəsinin Qaraçöp icmasının Qazlar kəndində kənd yığıncağı keçirilib. Görüş “Qaraçöp İcma Mərkəzi” tərəfindən təşkil edilib. Yığıncağın əsas məqsədi kənddə mövcud olan problemlərin və ehtiyacların əhali ilə müzakirə edilməsi, daha sonra isə əhalini narahat edən məsələlərin yerli özünüidarəetmə orqanlarının gündəliyinə salınması idi.

“Qaraçöp İcma Mərkəzi”nin həmtəsisçisi Ayhan Həsənli “Marneuli” radiosuna bildirdi ki, görüşdə iştirak edən kənd sakinləri prioritet olaraq içməli su və yol problemini dilə gətiriblər.

“Kənd yığıncağının məqsədi Qaraçöp icmasının Qazlar kəndində olan problemləri səsləndirilməsi, kənd əhalisi ilə birlikdə problemlərin müzakirə edilməsi və mövcud problemləri bələdiyyənin gündəminə salınması idi. Görüşdə iştirak edən şəxslər aktiv şəkildə Qazlar kəndində olan problemləri dilə gətirdilər. Qeyd edilməli amildir ki, demək olar, Qazlar kəndində heç bir şey yoxdur. Belə deyim, təməl infrastruktur binaları olan uşaq bağçası, məktəb binası, idman kompleksi, yol, su və s. yoxdur. Yollar pis gündədir. Hətta bu yaxınlarda yağış yağanda minik maşınları yolda qalmışdı, hərəkət edə bilmirdi. Onların hərəkətini təmin etmək üçün əraziyə traktor cəlb olunmuşdu. Demək olar ki, kənddə insanın təməl ehtiyaclarını qarşılayacaq heç nə yoxdur. Görüşdə xalq aktiv şəkildə bu problemləri səsləndirdilər. Kənd əhalisi əsas iki problemi prioritet olaraq səsləndirdilər. Onlar yol və içməli su problemləri idi. Ancaq digər problemləri də dilə gətirirdilər. İlk növbədə əhali deyirdi ki, yol və su problemi aradan qaldırılmalıdır”.

Həsənlinin sözlərinə görə, görüşdə ərizə yazılaraq imza toplanıldı. Yaxın günlərdə meriyaya təqdim edəcəklər. Onlar bununla birlikdə Saqareco meriyasına Qazlar kəndində yol probleminin aradan qaldırılması istiqamətində büdcə təşəbbüsünü də daxil edəcəklər.

Görüşdə “Salam” platforması, “Sosial Ədalət Mərkəzi”nin nümayəndələri iştirak edirdilər. Həsənlinin dediyinə görə, görüşə Saqareco meriyasının nümayəndələri də dəvət olunmuşdu.

“Baxmayaraq ki, Saqareco meriyası və Bələdiyyə Məclisin sədri və üzvləri də dəvət olunmuşdu, onlar yığıncaqda iştirak etmirdilər. Onlara yığıncaq haqqında, 14 oktyabr tarixində rəsmi olaraq məlumat verilmişdi və dəvət olunmuşdular. Sadəcə Bələdiyyə Məclisinin müxalifət partiyasından olan bir nəfər üzvü görüşdə iştirak etdi. O, xalqın problemləri ilə yaxından maraqlandı və qeyd etdi ki, Bələdiyyə Məclisinin iclası keçiriləndə bu problemləri gündəmə gətirəcək”.

Təşkilatçıların sözlərinə görə, kənd yığıncağı Qaraçöp icması tarixində ilk dəfə keçirilib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google