Dünya Bankı Azərbaycan, Qazaxıstan və Gürcüstana Orta Dəhlizin səmərəliliyini artırmaq yollarını təklif edib
Dünya Bankı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun) səmərəliliyini artırmaq üçün Azərbaycan, Qazaxıstan və Gürcüstana bütün nəqliyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanının təminini tövsiyə edir.

Bunun üçün həm dəmir yolu, həm də Xəzər dənizi ilə daşımaları əhatə edən vahid elektron sənəd dövriyyəsinə keçid təmin edilməlidir.

“Logistik qovşaqların yaradılması hesabına yüklərin konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstərmək və Şərqlə Qərb arasında yük axınlarının balansını yaxşılaşdırmaq məqsədəuyğun olardı. Bundan başqa, yekun nəqliyyat tariflərinin şəffaflığını və proqnozlaşdırıla bilənliyini təmin etmək lazımdır”,
- hesabatda qeyd edilib.

Dünya Bankı Azərbaycan və Qazaxıstana dəniz limanında yüklərin daşınma müddətini azaltmağı, Bakı-Aktau və əks istiqamətdə marşrutlar üzrə konteynerlərin həcmlərini artırmağı, konteynerlər üçün yük və liman tariflərini aşağı salmağı tövsiyə edir. Bundan əlavə, Azərbaycan yüklərin gəmilərdən sahilə daşınmasının səmərəliliyini artırmalı, Qazaxıstan isə limanların bağlanması parametrlərini nəzərdən keçirməli və bütün bazar iştirakçıları üçün ayrı-seçkilik olmadan liman xidmətlərinə çıxışı təmin etməlidir. Dünya Bankı Gürcüstan üçün isə liman-dəmir yolu/avtomobil daşımalarının səmərəliliyinin artırılmasını, naviqasiya kanalının vəziyyətinin yaxşılaşdırılmasını və konteynerlər üçün liman tariflərinin azaldılmasını təklif edir (hazırda bütün Qara dəniz regionunda ən yüksək tarifdir).

Dəmir yolları və sərhəd-keçid məntəqələrinə gəlincə, bankın analitikləri təklif edirlər ki, Qazaxıstan vaqonların sayını təmin etsin, manevr əməliyyatlarının səmərəliliyini artırsın, Azərbaycan və Gürcüstan isə əsasən keçid məntəqələrində vaqonların sayını artırmalıdırlar. Söhbət xüsusən Gürcüstan və Azərbaycan arasında sərhəd-keçid məntəqələrində “dəmir yolu-dəniz limanı” daşıma mərhələsində səmərəliliyin artırılmasından gedir.

“Bu addımlar məhdud investisiya nəticəsində də əhəmiyyətli nəticələr verə bilər. Bunlar prioritet, dərhal diqqət tələb olunduğu məsələ kimi nəzərdən keçirilə bilər”
, - Dünya Bankı hesab edir.

Bank 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə üç dəfə artacağını və yüklərin daşıma müddətini iki dəfə azalacağını proqnozlaşdırır: “İnvestisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhliz transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə bilər. Bundan başqa, bu layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrut təmin etməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialını inkişaf etdirəcək”.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır.

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google