Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” adlı
kitabında yer alan şeirləri əsasında hazırlanmış eyniadlı tamaşanın
premyerası olub.
İvane Maçabeli adına Sxinvali Peşəkar Dövlət Dram Teatrı tərəfindən
səhnələşdirilmiş tamaşanın premyerası Tbilisidə Şota Rustaveli
adına Dövlət Teatrında baş tutub.
Premyeradan öncə səhnədə çıxış edən Azərbaycanın Gürcüstandakı
səfiri Faiq Quliyev qeyd edib ki, Leyla Əliyevanın əsərləri
Gürcüstanın tanınmış şairəsi, Gürcüstan Yazıçılar Birliyinin sədri
Makvala Qonaşvili tərəfindən gürcü dilinə tərcümə edilərək nəşr
edilib. Səfir əlavə
edib ki, 2 il sonra İvane Maçabeli adına
Sxinvali Peşəkar Dövlət Dram Teatrının rəhbəri, Gürcüstanın Dövlət
Mükafatı Laureatı, Azərbaycanın əməkdar artisti Qoça Kapanadzenin
təşəbbüsü ilə səhnəyə qoyulub.
Faiq Quliyevin sözlərinə görə, bu, Azərbaycan və Gürcüstan arasında
qarşılıqlı mədəni əlaqələrin bariz nümunəsidir.
Tamaşanın bədii rəhbəri Qoça Kapanadze uğurla keçən premyeradan
sonra jurnalistlərə açıqlamasında aktyorların performansından razı
qaldığını qeyd edib:
“Leyla xanım çox mükəmməl fəlsəfi
və həssas bir şairədir. Makvala Qonaşvilinin tərcüməsi isə əla
alınıb. Mən düşünürəm ki, dünya premyerası Tbilisidə çox gözəl
həyata keçirildi və aktyorlar öz rollarını çox yaxşı sərgilədilər.
Onlar Leyla xanımın poeziyasında olan metaforaları çox yaxşı
canlandırdılar”.
Tamaşanın ssenari müəllifi Makvala Qonaşvili qeyd edib ki, Leyla
Əliyevanın şeirlərinin Tbilisidə səhnələşdirilməsi ilə iki xalq
arasında daha bir mədəni körpü salınıb:
“Bu gün əsl
incəsənət bayramıdır. Çünki Leyla Əliyevanın parlaq şeirləri
nümayiş edildi və Gürcüstanın tanınmış aktyorları onun şeirlərini
səhnələşdirdilər. Həmçinin qeyd edim ki, bu premyera
sayılıb-seçilən rejissor Qoça Kapanadze tərəfindən səhnələşdirilib.
Zal poeziya sevən insanlarla dolu idi. Bu gün Gürcüstan və
Azərbaycan xalqları arasında daha bir əhəmiyyətli körpü salındı və
bu böyük adət-ənənəyə, isti münasibətlərə malik iki xalq üçün bir
bayramdır. Fəxrlə deyə bilərəm ki, Leyla Əliyevanın mükəmməl
poeziyası mənim tərcüməmlə gürcü dilində səsləndirildi. Bu,
dövrümüzdə çox nadirən rast gəlinən heyrətamiz müasir və gözəl bir
poeziyadır. Düşünürəm ki, bu gürcü xalqı üçün gözəl bir hədiyyə
oldu. Ümumiyyətlə, böyük insanların övladı olmaq, böyük əcdadlara
sahib olmaq bir tərəfdən qürurverici, digər tərəfdən isə çox
məsuliyyətlidir. Leyla xanım öz parlaq poeziyası ilə Əliyevlər
soyadının ləyaqətli varisi olduğunu bir daha sübut etdi. Kitab isə
özlüyündə nəinki poeziyası ilə, həm də rəsmləri ilə çox maraqlıdır.
Bu parlaq gün münasibətilə həm Gürcüstanı, həm də Azərbaycanı
təbrik edirəm”.
Tanınmış gürcü aktyor, Azərbaycanın Dövlət Mükafatı Laureatı Davit
Uplisaşvili də premyeranın kifayət qədər uğurlu keçdiyini qeyd
edib:
“Tamaşanın təqdimatında iştirak etmək mənim üçün bir
fəxr idi. Çünki Azərbaycan və onun xalqı mənim üçün çox əzizdir.
Mən Azərbaycanın Dövlət Mükafatı Laureatıyam və bunu mənə ulu öndər
Heydər Əliyev özü verib. Xoşbəxtəm ki, onun nəvəsinin belə dərin
düşüncəli şeirlərinin səhnələşdirilməsində iştirak edirəm. Buna
görə hər kəsə, dəstək olan həmkarlarımıza, tamaşaçılara və
Azərbaycan xalqına öz təşəkkürümü
bildirirəm”.
“Dünya yuxutək əriyir” adlı teatr tamaşasının rolları Gürcüstanın
tanınmış aktyorları tərəfindən canlandırılıb. Tumanişvili Teatrının
aktrisası Ana Matuaşvili layihənin olduqca maraqlı və məsuliyyətli
olduğunu vurğulayıb:
“Ümumiyyətlə, bu layihə üzərində işləmək çox maraqlı
idi. Bu mənim üçün bir fəxr və məsuliyyət idi, çünki çox peşəkar
aktyorlarla eyni səhnəni paylaşdım və buna görə də çox xoşbəxtəm.
Leyla xanımın poeziyası və onun ilhamı mənim üçün çox maraqlı idi.
Bu, mənim ən dərin hisslərimi oyatdı, baş verənləri sanki mən özüm
yaşamış kimi oldum. Onun, Makvala Qonaşvili tərəfindən tərcümə
olunmuş bütün sözləri mənim ruhuma elə yaxın oldu ki, o sözlərə
qarşı biganə qalmaq mümkün deyil”.
Tamaşanın premyerasında həmçinin Türkiyənin Gürcüstandakı səfiri
Ali Kaan Orbay, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət
xadimləri, aktyorlar, jurnalistlər, Gürcüstanın azərbaycanlı
ziyalıları, iş adamları iştirak ediblər.