Büdcənin müzakirəsi zamanı “Salam” platformasının sualları mübahisəyə səbəb olub (VİDEO)
21 dekabr tarixində Marneuli bələdiyyəsinin 2024-cü il büdcəsinin ikinci ictimai müzakirəsi baş tutub.

İclası Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze açıb və büdcənin müzakirəsini meriyanın Maddi-Texniki Xidmət rəhbəri Koba Çxitunidze davam etdirib. O, bildirib ki, 2024-cü ilin büdcəsi indiki mərhələdə 55 255 000 laridir, ancaq büdcənin yekun versiyasını qəbul edənə qədər məbləğ yenə artacaq.

Koba Çxitunidze təqdimatı başa vurduqdan sonra iştirakçılara sual vermək imkanı verilib. “Salam” platfromasının üzvü Ayhan Həsənli sualla müraciət edib. O, meriyada tərcümə xidmətinin yaradılması və etnik azlıqlarla başa düşdükləri dildə ünsiyyət kimi məsələlərə cavab almağa çalışıb. Ayhanın sualı meriyanın bir neçə əməkdaşını qıcıqlandırıb və mübahisə baş verib.

“Nə olub, nə demaqoqluq açırsan”, – Ayhanın ünvanına replikalar eşidilirdi.

Ayhanın çıxışı Bələdiyyə Məclisinin sədrini də qıcıqlandırıb və o, bildirib:

“Siz niyə belə əsəbi danışırsınız, oturun və dinləyin. Sualınız varsa cavab verəcəyik. Mən düşünürəm, bu bir az təhrikedici sual idi. Tərcümə ilə bağlı deyim ki, mən dövlət dili bilməyən hansısa vətəndaşın gəlib və geri etirazla getdiyini, yaxud nəyisə başa düşmədyini görməmişəm. Gürcü dilinə tərcümə edən əməkdaşlar var. Xüsusi olaraq dəftərxanada bir neçə dildə məlumat almağın mümkün olduğu xidmət yaratmışıq”, – Amiran Qiorqadze bildirib.

Büdcənin müzakirəsi baça çatana yaxın Amiran Qiorqadze iştirakçılara müraciət edib və emosional çıxışına görə, üzr istəyib.

“Mən emosiyalar üçün üzr istəyirəm və siz də bilməlisiniz ki, sual verəndə əvvəl cavabı dinləməlisiniz. Bir də ki, sual vermək formaları var. Bir daha emosiyalarım üçün əhalidən üzr istəyirəm”, – Bələdiyyə Məclisinin sədri bildirib.


Ayhan Həsənli bildirir ki, onun sualının bələdiyyə əməkdaşlarını niyə qıcıqlanırması ona aydın olmayıb.

“Biz bir neçə məsələ ilə maraqlanırdıq. Çünki əvvəlki müzakirədə bir neçə suala cavab ala bilmədik. Bu tərcümə xidməti, prioritetlərin müəyyən edilməsi məsələsi idi. Bir də tərcümə xidmətində nəyin nəzərdə tutulduğunu soruşmaq istəyirdik. Bununla bağlı anlaşılmazlıq oldu, biz bu sualın onları niyə qıcıqlandırdığını da başa düşmədik. Biz bütün bələdiyyələrlə əməkdaşlıq etmək istəyirik, ancaq əksər hallarda onlar tərəfdən bu kimi təşəbbüslər qəbul edilmir”, – Həsənli bildirib.

Marneulinin 2024-cü il büdcəsinin müzakirəsi təxminən 40 dəqiqə davam edib. Müzakirədə əsasən yerli özünüidarə nümayəndələri iştirak ediblər. Müxalifət partiyasının nümayyəndələri isə artıq ikinci dəfədir ki, 2024-cü ilin ictimai müzakirəsində iştirak etmirlər.

İclasda “Salam” platformasından başqa heç kim sual verməyib. Marneuli Gender Bərabərliyi Şurasının nümayəndəsi İa Esebua isə təşəbbüslə çıxış edib.

Marneuli Bələdiyyəsinin 2024-cü il büdcəsi Bələdiyyə Məclisinin, 25 dekabr tarixində keçiriləcək iclasında təsdiqlənəcək.


Print Email
FaceBook Twitter Google