Meriya və Bələdiyyə Məclisinin əməkdaşlarının əməkhaqqı 10% artırılır
Marneuli meriyası və Bələdiyyə Məclisi əməkdaşlarının əməkhaqqı 10% artırılacaq. Marneuli Bələdiyyə Məclisi əməkhaqqının artırılmasını bu gün, 25 dekabr tarixində baş tutan iclasda dəstəkləyib.

“1 yanvar tarixindən ştat sayında azalma olacaq, çünki Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti bütövlükdə Müdafiə Nazirliyinin balansına keçir. Burada hökumət rəhbərliyi tərəfindən elan edilmiş 10% artım da nəzərdə tutulub. Dövlət işçilərinin əməkhaqqı 10% artırılır. Hamını təbrik edirəm”, – Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze bildirib.

Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib ki, dövlət məmurlarının maaşının artırılması yaxşı tendensiyadır.

“Baş nazir bununla bağlı çıxış edib. Bu çox yaxşı tendensiyadır. Dövlətin müvafiq vəsaiti var ki, bütün istiqamətlərdə dövlət məmurlarının, pedaqoq və eləcə də hər hansı işlə təmin edilmiş şəxsin maaşını 10% artırsın. Bu hər il baş verən tendensiyadır. Ötən il də, bu il də artım var və bu yaxşıdır, ölkə bu baxımdan inkişaf edir”, – Amiran Qiorqadze bildirib.

Marneuli meriyası kimi Bələdiyyə Məclisi əməkdaşlarının da maaşı artır. Maaş artımı ştatla işə götürülənlər, eləcə də müqavilə ilə işləyən əməkdaşlara da aiddir.

2024-cü ildə Marneuli yerli özünüidarəsi əməkhaqqı üçün 2023-cü illə müqayisədə 1 449 500 lari artıq xərcləyəcək. 2023-cü ildə Bələdiyyə Məclisində işləyən 46 nəfərin ümumi əməkhaqqı 1 376 800 lari idi, 2024-cü ildə isə 1 760 900 lari olacaq. 2023-cü il ərzində Marneuli meriyasında işləyən 229 nəfərin əməkhaqqı 5 266 700 lari idisə, 2024-cü ildə 6 575 900 lari olacaq.

Print Email
FaceBook Twitter Google