Bu yalnız qadın peşəsi deyil – Marneulili Nurlan Hüseynov niyə tibb qardaşı təhsili alır
Marneulili oğlanlar Xəqan, Nurlan və Eltac “Marneuli İctimai Kollecində” tibb qardaşı təhsili alırlar. Onların hər üçünə tibb qardaşı sahəsində təhsil almaq mühümdür. Çünki tibb müəssisələrində daha çox peşəkar heyətin olmasına ehtiyac olduğunu hesab edirlər.
Nurlanın 19 yaşı var. O, birinci kursda təhsil alır və gələcəyini tibb sahəsi ilə bağlamaq istəyir.

“Uşaqlıq arzusu idi, həkim olmaq istəyirdim. Tibb qardaşı sahəsində təhsil almaqla başladım və gələcəkdə daha da inkişaf edəcəyəm. Məhz buna görə kollecə qəbul oldum və ailəm də məni dəstəklədi. Baxmayaraq ki, hələ işləmirəm, hesab edirəm, kifayət qədər ağır və zəhmət tələb edən peşədir. İşləyəndə həmişə xəstə ilə ehtiyatlı və diqqətli olmalısan”, – Nurlan Hüseynov bildirdi.

Nurlan Təkəli kəndindəndir. Kollecə dərs prosesinə məhz kənddən gəlir. O, deyir ki, Marneulidən onun kəndinə qədər ictimai nəqliyyatın hərəkət etməsi problemdir. Amma çətinliklərə baxmayaraq yenə də kollecə gedir. Çünki işinin peşəkarı olmaq istəyir.

Nurlan bizimlə söhbəti zamanı tibb qardaşı peşəsi ilə bağlı stereotiplərdən də söhbət açdı. O, qeyd edir ki, əksər hallarda insanlar bu peşənin məhz qadınlar üçün olduğunu düşünürlər. Ancaq o, bu fikirlə razı deyil.

“Tibb bacısı və tibb qardaşları var. Bu peşənin yalnız qadın peşəsi olduğunu düşünmürəm. Kişilər də bu istiqamətdə işləyə bilərlər. Gələcəkdə məhz bu sahəni davam etdirməyi düşünürəm. Mənimlə birlikdə başqa oğlanlar da bu sahədə təhsil alırlar”.

Marneuli İctimai Kollecində 4 əsas istiqamətdə təhsil almaq mümkündür:
  • Tibb bacısı/qardaşı
  • Maliyyə xidmətləri
  • İnformasiya texnologiyaları
  • Dayə
Kollecin peşə istiqaməti və karyeranın planlaşdırılmasının təmin edilməsi üzrə menecer Ləman Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, müasir cəmiyyətdə peşə təhsilinə daha çox diqqət yetirilir və populyarlaşır.

“Peşə təhsili istiqamətində kifayət qədər tələbat var. Bizim kollecdə 4 istiqamətdə təhsil almaq mümkündür, onların hər biri aktualdır. Ən böyük tələb yenə də informasiya texnologiyaları, dayəlik və tibb bacısı/qardaşı sahəsinədir. Bu il yerlərin sayını artırmalı olduq. Çünki çox böyük tələb var idi və uşaqların təhsildən kənar qalmasını istəmirdik. Peşə təhsili ona görə yaxşıdır ki, təhsili tez bitirirlər və tez zamanda da işlə təmin olunurlar”.

Ləmanın sözlərinə görə, əksər hallarda gənclər kollecə pulsuz, keyfiyyətli təhsil almaq imkanı olduğuna görə üstünlük verirlər. O, gələcəkdə universitetə qəbul olmaq istəyən tələbələrin olduğunu da deyir. Amma ona qədər işə başlamaq, sonradan universitetə təhsil haqqını özləri ödəsinlər deyə peşə təhsilini mənimsəyirlər.

Marneuli İctimai Kollecinin peşə istiqaməti və karyeranın planlaşdırılmasının təmin edilməsi üzrə menecerin sözlərinə görə, peşə təhsili olan şəxslər üçün əmək bazarı da kifayət qədər genişdir. O, bildirir ki, onların məzunları və indiyə qədər kollecdə təhsil alan uşaqlar xəstəxanalarda, bağçalarda, banklarda, müxtəlif qurumlarda işlə təmin olunublar.

"Marneuli" Radiosu
Print