Telavi Sakrebulosunun “Gürcü Arzusundan” olan üzvü Levan
Berdzenaşvili Gürcüstan hakimiyyətinə müraciət edərək rus qanununu
geri çağırmağa səsləyib.
Əks halda, dediyi kimi, həm partiyadan, həm fraksiyadan, həm də
Sakrebulodakı vəzifəsindən gedəcəyinə and içir. Berdzenaşvili
Telavi Sakrebulosunun mandat hüquq və prosedur məsələləri
komissiyasının sədridir.
“Mən bir hüquqşünas kimi, 2 uşaq atası kimi, Telavi
Dövlət Universitetinin keçmiş müəllimi kimi, övladlarınızın
müdafiəçisi kimi birmənalı olaraq bu qanunun həyata keçirilməsinin
və qəbulunun əlehinəyəm, çünki Ağ Ev, Avropa İttifaqı bizə
səslənirlər, Avropa Birliyinin bütün tərəfdaşları, aparıcı
ölkələrinin nümayəndələri bizə deyirlər ki, bu qanunu qəbul
etsəniz, viza liberallaşdırılmasını itirə bilərsiniz, namizəd
statusunuzu itirə bilərsiniz, Avropa ilə bağlı hər şeyi itirə
bilərsiniz.
Ona görə də mən birmənalı olaraq özümü bu prosesdən kənar hesab
edirəm və Gürcüstan hökumətindən, parlamentindən bu qanunu ləğv
etməyi xahiş edirəm. And içirəm, əgər bu baş verməsə, mən “Gürcü
arzusu” partiyasından, fraksiyadan və vəzifədən ayrılacağam.
Mənim Gürcüstan hökumətindən və hakimiyyətindən xahişim odur ki,
konstitusiyanı pozmayın, ölkənizə xəyanət etməyin, bu qanunu geri
götürün. Hələ şans var”, - deyə o bildirib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.