Marneulili gənclər də “Gürcü Arzusu” tərəfindən irəli sürülən
“Xarici Təsirin Şəffaflığı haqqında” qanuna öz münasibətlərini
bildirirlər.
Onlar qeyd edirlər ki, həmin qanun Gürcüstanın deyil, Rusiyanın
maraqlarını qorumağa yönəldilib. Bu barədə Marneuli bələdiyyəsinin
Xüldərə kənd sakini Sona Orucova bildirir ki, rus qanunu Avropaya
tərəf irəliləməkdə maneə yaradacaq.
“Biz gənclər, xüsusən də etnik azlıqlar Avropaya tərəf
irəlilədikcə müxtəlif layihələrə qoşularaq öz məlumatlılığımızı
artırır, hüquqlarımızın tənzimlənməsinə töhfə veririk. Rus
qanununun bizim əlimizdən bu imkanları alacağı məlumdur. Biz bu
halda, gələcəkdə öz hüquqlarımızı qoruya bilməyəcək və bir çox
imkanlarımızı itirəcəyik”.
Sonanın sözlərinə görə, gənclərin inkişafına və sözlərini sərbəst
şəkildə ifadə etməklərinə kömək edən qeyri-hökumət təşkilatlarının
xarici agent adı alması qəbuledilməzdir.
“Eyni zamanda bizim üçün çalışan bir çox təşkilatlar
var hansı ki, bu gün biz öz fikirlərimizi rahat şəkildə ifadə edə
biliriksə, bunlar məhz o təşkilatların köməyi ilə olmuşdur.
Qeyri-hökumət təşkilatları ölkəmizin inkişafına çalışır. Onlara bu
cür təhqiredici ad verilməsi ilə düşünürəm ki, bir çox təşkilat
geri çəkiləcək. Bu isə öz növbəsində inkişafımıza zərər verir.
Düşünürəm ki, Avropa bizə bu qədər imkanlar verdiyi halda rus
qanununun seçilməsində məqsəd, məhz hakimiyyət nümayəndələrinin
fərqli düşüncəli insanları susduraraq öz qanunlarını irəli
sürmələridir. Fikrimcə, biz bu yanlış seçimdən yalnız qarşısında
dayanaraq və səsimizi çıxararaq azad ola bilərik”! -
Sona Orucova dedi.
Bundan əlavə, mövzu ilə əlaqədar olaraq Marneuli bələdiyyəsinin
Qullar kəndində yaşayan Bayram Məmmədov qanun layihəsinin xarici
təşkilatların və jurnalistlərin fəaliyyətini məhdudlaşdıraraq
demokratiya standartlarına və insan haqlarına qarşı təhdid
yaratdığını vurğuladı.
“Xarici təşkilatların və jurnalistlərin fəaliyyətinin
məhdudlaşdırılması nəticəsində şəffaflıq və sərbəstlik azalır.
Xarici təşkilatların fəaliyyətinin azaldılması ilə beynəlxalq
mədəniyyət və təcrübə alışverişi məhdudlaşırılır. Xarici
təşkilatların maraqları qanun nəticəsində məhdudlaşdırılaraq,
onların Gürcüstan ərazisində fəaliyyət göstərməsinə mane
olur”.
Bayram rus qanununun onun müxtəlif xarici layihələrdə və
proqramlarda iştirakına xələl gətirəcəyini və ya tamamilə qadağa
qoyacağını düşünür.
“Bundan əlavə biz azad medyalardan gündəlik həqiqətləri izləyirik.
Qanun qəbul olunarsa, yalnız hakimiyyətə məxsus medyaları izləməli
olacağıq. Bu da o deməkdir ki, hakimiyyət əlehinə olan gerçəkləri
görməyəcəyik. Bu məhdudiyyətlər mənim şəxsi inkişafımı çətinləşdirə
bilər, çünki çoxsaylı və müxtəlif mədəniyyətlərlə tanışlıq mənim
təcrübəm və inkişafım üçün əhəmiyyətlidir. Bunun üçün də xarici
ölkələrin dəstəkləri önəmlidir. Təəssüf ki, bu günki reallıqda
Gürcüstan dövləti gənclərin inkişafını tam olaraq dəstəkləyə
bilmir”, - Bayram Məmmədov bildirdi.
Bayram bildirir ki, qanunun qəbul edilməsinə çalışılmaqda məqsəd,
ölkədə vətəndaş cəmiyyətinin və azad medyaların təsirini
azaltmaqdır. Bu onlar üçün böyük təhlükələr yaradır. Çünki dövlətə
aid olmayan medya və təşkilatlar daim səhfləri üzə çıxarırlar.
O, çıxış yolu olaraq, daha açıq və şəffaf müzakirənin təşkil
edilməsini və həm də xarici təşkilatların Gürcüstanın inkişafına
verdikləri töhfələri dəyərləndirmək üçün obyektiv qiymətləndirmə
aparılmalı olduğunu düşünür.
Bununla bağlı, daha bir gənc öz fikirlərini “Marneuli” radiosu ilə
bölüşdü. Marneuli bələdiyyəsinin Qaçağan kəndindən olan Aygün
Mikiyeva rus qanununun qəbul edilməməsini istədiyini, onun
Gürcüstanın deyil, Rusiyanın maraqlarını qoruduğunu bildirdi.
“Bu qanun biz gənclərin gələcək perspektivlərinə, ifadə
azadlığına və ya internetin sərbəstliyi kimi sahələrə təsir edə
bilər. Xarici agent statusu tətbiqinin, gənclərin öz fikirlərinə və
ideyalarına təsir edə biləcəyi təhlükəsi var. Bu, gənclərin fəal
fikirlərini qəbul etməmək və onların inkişafına təhəkküm etmək
deməkdir. Bu vəziyyət isə bütün ölkənin inkişafına mənfi təsir
edəcək və cəmiyyətdə bir sıra problemlərə səbəb ola bilər.
Gürcüstanın demokratik mühitinə zərər gətirə bilər.
Bu qanunun qəbul edilməsinin məqsədi, Rusiyanın nüfuzunu artırmaq
və onun maraqlarını
qorumaqdır”, - Aygün
Mikiyeva qeyd etdi.
Mikiyeva çıxış yolunu demokratik proseslər və qanunvericilik
prosedurlarına əməl etməkdə görür. Onun sözlərinə görə, bu
həmvətənlərin demokratik hüquqlarını müdafiə etmək və müxtəlif
cəmiyyət təşkilatlarının səsini eşitməklə başlayır.
Həmçinin, qeyd olunan qanunla bağlı Marneuli bələdiyyəsinin
Mollaoğlu kənd sakini Elçin İsmayılov “Marneuli” radiosuna məlumat
verdi. O, bildirdi ki, "Xarici təsirin şəffaflığı haqqında"
qanununun qəbulu azad cəmiyyətin formalaşmasını və demokratiyanı
baltalayır.
“Elə düşünürəm ki, heç bir vətəndaş və gənc bu prosesin
baş verməsini istəməz. Bu qanun gələcəkdə, əsasən mənim üçün və bir
çox gənc üçün söz azadlığımız və təhsilimiz üçün ciddi problem
törədə bilər. Hər birimizə məlum olduğu kimi təhsilin və
mədəniyyətin ən çox inkişaf etdiyi yerlərdən biri qərbdir, bu qanun
isə Gürcüstanı qərb yolundan döndərir. İştirak etdiyimiz bir çox
layihə və proqramlar qərb təşkilatları tərəfindən
maliyyələşdirilir. Ancaq, qərar qəbul olunarsa bizim inkişafımıza
və maariflənməyimizə səbən olan layihələrin və proqramların həyata
keçirilməsinə rus qanunu ciddi problem yaradar”.
Elçinin sözlərinə görə, bu qanunun bütün Gürcüstana edəcəyi təsir
əsasən, haqları qoruyan və azad cəmiyyət formalaşmasına töhfə verən
mərkəzlərin fəaliyyət göstərə bilməməyi və qərblə əlaqələrin
korlanması olacaq.
“Bu qanunun qəbul edilməsi ancaq Rusiyanın və hakim
partiyanın məqsədlərinə xidmət edir. Çıxış yolu vətəndaş
cəmiyyətinin və müxalifətin "Xarici təsirin şəffaflığı" qanununu
yekdilliklə rədd etməsi ola bilər”, - Elçin İsmayılov
dedi.
Hakim komanda bir daha 2023-cü ilin mart ayında kütləvi etirazlar
nəticəsində geri çəkilmiş “Rus qanununu” qəbul etməyi planlaşdırır.
Parlament 17 aprel tarixində qanun layihəsini birinci dinləmədə
qəbul edib və Parlament çoxluğundan “Gürcü Arzusu”-nun 73 deputatı,
“Xalq gücü”-nun 9 üzvü və “Avropalı sosialistlərin” 1 üzvü
dəstəkləyib. Qanun layihəsinin dinlənməsi ilə yanaşı, bütün gün
ərzində Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları ötən il olduğu kimi, indi də “Gürcü
Arzusu”-nun “Rus qanununu” geri çəkməsini tələb edirlər.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.