Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan idmançı Almaniya klubuna transfer olunub (FOTO)
Gürcüstan milli yığmasının üzvü, əslən Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov Almaniyanın “SVG Nieder-Liebersbach” klubu ilə müqavilə imzalayıb. O, 3 ay ərzində Yunan-Roma güləşi üzrə Almaniya klubunu təmsil edəcək.

Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin yetirməsi olan idmançı hal-hazırda Gürcüstan yığmasının tərkibində İsraildə təlim-məşq toplanışındadır. Yığma komanda iki həftə ərzində İsrail yığması ilə birlikdə təlim-məşq toplanışı keçirəcəklər. “Olimp İdman Məktəbi”nin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayevin sözlərinə görə, Rəşad Orucov bu ilin oktyabr ayından etibarən üç ay müddətinə Almaniya klubunda güləşəcək. O, çox sevinir ki, onun tələbəsi bu cür uğurlara imza atıb.

“Rəşad yığma komandanın tərkibində təlim-məşq toplanışlarını davam etdirir. Bu Rəşadın həyatında böyük təcrübələr deməkdir. Belə deyim, İsrail komandası ilə birlikdə məşq etmək idmançını daha çox inkişaf etdirəcək. Almaniya liqasında güləşmək isə həm stimuldur, həm də ki, böyük təcrübədir. Bu onun maddi vəziyyətini düzəldəcək bir işdir. 3 ay Almaniyada qalıb, liqada güləşəcək. Ümid edirəm, hər şey yaxşı olacaq . Bu çox gözəl bir hissdir. Bu gəncliyin dəyişməsi deməkdir. İstəyəndə hər şey etmək olur. Rəşad əvvəllər də məşqlər edirdi. Amma son iki ildir ki, daha ciddi şəkildə məşq etməyə başlamışdı. O, qarşısına məqsəd qoymuşdu ki, böyük idmançı olacaq. İnsanın edə bilməyəcəyi heç nə yoxdur. İstəyən hər şey edə bilər. Rəşad gənclərə bir nümunədir. İdmanla məşğul olub, irəli getmək olar. İnsan öz karyerasını inkişaf etdirə bilər. Avropa və dünya çempionu olmaq olar. Rəşad bunun bir addımlığındadır. O, hələ gəncdir. Bunun davamı da olacaq. Rəşaddan böyük nailiyyətlər gözləyirik. Bütün gənclərə Rəşada baxaraq, örnək götürmələrini tövsiyə edirəm. Onlar da bunu bacara bilərlər”, – Elçin Mustafayev “Marneuli” radiosuna bildirdi.


Rəşad Orucov bu ilin yanvar ayında Rustavi şəhərində keçirilən 23 yaşlılar arasında Yunan-Roma Güləşi üzrə Gürcüstan çempionatında üçüncü yerə çıxaraq, bürünc medal qazanmışdı. O, bununla da Gürcüstan yığma komandasının tərkibinə düşmüşdür. Orucovun sözlərinə görə, yığma komandanın üzvü olmaq, onun üçün çox gözəl bir hissdir.

“Mən neçə ildir ki, Gürcüstan yığma komandanın üzvüyəm. Ən əsası da odur ki, tarixdə ilk dəfə azərbaycanlı olaraq buna mən imza atdım. Mənim imza atmağım da gözəl bir hissdir. Mən Gürcüstanın adını xaricdə təmsil edəcəyəm. 3 ay Almaniya liqasında iştirak edəcəyəm. Gürcüstanın adı ilə gedirəm. Hal-hazırda iki həftə ərzində İsraildə təlim-məşq toplanışında olacağam”, – Rəşad Orucov bildirdi.


1911-ci ildən Almaniyada fəaliyyət göstərən “SVG Nieder-Liebersbach” klubunda bir sıra ölkələrin idmançıları təmsil olunublar. Həmin klubda isə Gürcüstanı ilk dəfə Rəşad Orucov təmsil edəcək. Klubun 2 000-ə yaxın üzvü var və klub kişilər üzrə iki komanda ilə təmsil olunurlar. “SVG Nieder-Liebersbach” klubunun məşqçisi Sven Lay, prezidenti Nina Şvöbel, idman direktoru isə Uilli Kraftdır. Rəşad Orucovun meneceri isə Özkan Başdır. O, “KSV 06 Ketsch” klubunun direktorudur.

Xatırladaq ki, Rəşad Orucov bu günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr qazanıb.

Qeyd edək ki, idmançının məşqçiləri Elçin Mustafayev və Təbriz Bağmanovdur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google