Rəşad Orucov Almaniyada keçirilən Yunan-Roma güləşi turnirində qələbə qazanıb (VİDEO)
14:47 / 25.10.2022
22 oktyabr tarixində Gürcüstan milli yığmasının üzvü, əslən Dmanisi
rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov Almaniyanın
Nieder-Liebersbach şəhərində keçirilən “Regionalliga
Baden-Württemberg” liqasında iştirak edib.
Almaniya klubunu təmsil edən Orucov yarışın ilk görüşünü cəmi 57
saniyəyə başa vuraraq, qələbə qazanıb. İdmançının məşqçisi Təbriz
Bağmanov “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, artıq onun tələbəsi 9 yarış üçün müqavilə
imzalayıb.
“Rəşad Orucov bu qələbəsiylə pul mükafatı əldə etdi və
daha 9 görüşlük müqavilə imzaladı. Belə böyük yarışda qələbə əldə
etmək çox çətindir. Amma biz Rəşadın bunun öhdəsindən gələcəyinə
inanırdıq. Onu da əlavə edim ki, Rəşad Orucov Yunan-Roma güləşi
üzrə Gürcüstan milli yığma komandasının üzvüdür”, –
Təbriz Bağmanov dedi.
Qeyd edək ki, Rəşad Orucov iyun ayında Almaniyanın “SVG
Nieder-Liebersbach” klubu ilə müqavilə imzalayıb. O, oktyabr
ayından etibarən 3 ay ərzində Yunan-Roma güləşi üzrə Almaniya
klubunu təmsil edəcək.
Rəşad Orucov bu ilin yanvar ayında Rustavi şəhərində keçirilən 23
yaşlılar arasında Yunan-Roma Güləşi üzrə Gürcüstan çempionatında
üçüncü yerə çıxaraq, bürünc medal qazanmışdı. O, bununla da
Gürcüstan yığma komandasının tərkibinə düşmüşdür. Rəşad Orucov bu
günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr
qazanıb.