26 aprel tarixinə qədər təhsil sistemini bərpa edə biləcəyimizə şübhə edirəm - Qaxaria
Baş nazir Qiorqi Qaxaria bildirib ki, onun fikrincə təhsil müəssisələrində dərs prosesinin bərpası 26 aprel tarixinə qədər tam mümkün olmayacaq. Bu haqda Qaxaria “Rustavi 2”-nin efirində danışıb.

“Təhsil prosesi artıq iki həftədən çoxdur ki, təxirə salınıb. Prioritetləri necə qaydaya salacağımızla bağlı razılığa gəlməliyik. Əlbəttə, hakimiyyət üçün ilk prioritet bizim vətəndaşların, ilk növbədə uşaqların sağlamlığıdır. Burada müəyyən müddətlər var. Bu problemə Təhsil Nazirliyinin söhbət apardığı vaxt ərzində cavab verə biləcəyikmi, buna şübhəm var. Məsələn, bu günə olan məlumatlara görə, Təhsil Nazirliyi deyir ki, əgər 26 aprelə qədər məktəblərdə proses bərpa olunmazsa artıq bütün ilin təhsil prosesi sual altına düşür. Orada müəyyən standartlar var. Təhsil Nazirliyinə tapşırıq verilib ki, yaxın günlərdə plan təqdim etsin. Mənim şübhəm var ki, 26 aprelə qədər biz təhsil prosesini tam bərpa edə bilək, ancaq buna ümid edirik”, - Qaxaria bildirib.

Onun sözlərinə görə, bu planda təxirə salınan təhsil prosesinin necə bərpa olunacağı yazılmalıdır. O, həmçinin, onlayn dərslərlə bağlı da şərh verib.

“Bizim sistemin tam distant rejimə keçməyə hazır olmaması faktdır və özümüzü aldatmayaq. Ola bilsin bəzi məktəblər daha çox hazırdır, amma unutmamalıyıq ki, ən çox uşaqlarımız regionlardadır və oralarda elementar olaraq internet əlçatan deyil. Ona görə də adekvat olaraq harada olduğumuzu qiymətləndirməliyik”, - Qaxaria bildirib və qeyd edib ki, ümumiyyətlə distant təhsil başqa sahədir və bunun üçün xüsusi hazırlıq lazımdır.

17 mart tarixinə görə, Gürcüstanda 34 nəfərdə koronavirus təsdiqlənib, 1000-dən artıq şəxs isə karantində qalmaqdadır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər