Etirazçılar hökumətin vədinə inandılar və yolları açdılar
Şulaverinin mərkəzinə toplaşmış
əhali hakimiyyətdən məhsulun satılması ilə bağlı vəd aldıqdan sonra
yolu açıblar.
Yerli özünüidarə nümayəndələri
bildiriblər ki, kənddən məhsulun daşınmasına bu gün
başlanılacaq.
Şulaveridə müxtəlif kəndlərdən toplaşan əhali yolu səhərdən
bağlayıb. Gün ərzində heç bir distribusiya və başqa növ maşına
hərəkət etməyə imkan verməyiblər. Fermerlər iddia edirlər ki,
onlara məhsulu satmağa imkan verilmir və buna görə də ağır sosial
vəziyyətə düşüblər.
“Mən bankdan 35 000 lari borc götürmüşəm. 20 000
larilik məhsulum artıq xarab olub. Atıram və donuzlara
yedizdirirəm. Buna ümid edirdik, indi neynəməliyik?!"
– aksiya iştirakçılarından biri deyir.
Baş nazirin Regional İnkişaf Məsələləri üzrə müşaviri Sozar Subari
aksiyada bildiib ki, bu günlər ərzində məshulun daşınması ilə bağlı
problem olmayıb.
“Əgər haradasa kiçik logistika problemləri olubsa,
onlar təcili qərar verilən məsələlərdir. Necə ki, bu gün qərar
qəbul edildi. Gündüz və gecə - hər hansı vaxtda maşınlar buraya
maneəsiz şəkildə gələcək. Sadəcə qiymətlə bağlı iki istiqamətdə
problem var idi. Əhali ötən il və inişil olan qiymətləri tələb
edirdi. Amma eynisi ola bilməz, çünki dünya böhranı hamıya və hər
şeyə öz təsirini göstərib. İkincisi də budur ki, buraya məhsulla
bağlı deyil, seçkilər haqqında danışan adamlar
gəlmişdi”.
Hakimiyyət nümayəndələri aksiyada siyasi əlamətlər görürlər. Kvemo
Kartli qubernatoru Şota Rexviaşvili prosesi Əhməd İmamquliyevin
“səhnələşdirdiyi tamaşa” adlandırıb.
“Məni günahlandırır. Qubernator gəldi və bizim əhaliyə
gülür. Aksiyada “Gürcü arzusunun” dəstəkçisi olan adamları sizə
göstərə bilərəm. Bu əhalini həqiqətən bu problem narahat edir.
Qubernator gəlir və bu qədər xalqı günahlandırır,
ayıbdır”, - “Avropalı Gürcüstan” partiyasının
Marneuli ofisinin rəhbəri Əhməd İmamquliyev deyir.
Şulaverinin mərkəzində bu gün, 22 aprel tarixində bir neçə kəndin
sakinləri toplaşmışdı. Onlar ağır sosial vəziyyətə etirazlarını
bildirmək üçün aksiya keçiriblər. Kvemo Kartli qubernatoru Şota
Rexviaşvili, Baş nazirin Regional İnkişaf Məsələləri üzrə müşaviri
Sozar Subari və Marneuli meri Zaur Darğallı da aksiyanın
keçirildiyi əraziyə gediblər.