“Biz kələmə gözlə deyə bilmirik axı, bu Zaur müəllimin gəlməyini gözləmir, xarab olur”– Aşağı Saral kənd sakini
Bu gün, 5 may tarixində Marneuli meri Zaur Darğallı və majoritar deputat Tamaz Naveriani Aşağı Saral sakinləri ilə görüşüblər.

Kəndin mərkəzinə toplaşan sakinlər yığılıb qalmış kələm məhsullarının satılmasını tələb edirlər. Sakinlər bildirirlər ki, əkdikləri kələm satılmadıqca xarab olur. Kənd sakinləri sahibkarların məhsulu daha çox almalarını istəyirlər, lakin, sahibkarlar onların tələblərini qane edəcək qədər məhsul almadıqlarına görə məhsul onların evində qalıb.

“Bu gün dövlətimiz 200 000 pul ayırsın. Bu gün, kələmə, sabah pomidora pul ayırsınlar. Əgər bu gün dövlət məhsula pul ayırmayıb, torpağın üstündən gəlib götürəcəksə, mən bu dövləti neyləyirəm. Kələmin toxumunu Marneulidən almışam, Kredo bankla”,
– kənd sakini deyib.

Darğallı bildirib ki, kənddən daha əvvəl kələm toplayan “Jibe” şirkəti hələ ki, aldığı məhsulu paylaya bilməyib. Mer “Jibe” şirkətinin məhsulu payladıqdan sonra yenidən kəndə gələrək məhsul alacağını bildirib. O, bildirib ki, Acarıstanın Kənd Təsərrüfat Nazirliyindən ona zəng edib kələmə tələbat olduğunu bildiriblər. Darğallı nazirliyə 40-50 tetridən kələm olduğunu bildirib.

“Siz bizə dediniz biz başa düşdük gözləməliyik. Bu gözləmir axı, biz gedib baxçamızı açıb kələmə deyə bilmirik axı gözlə. Bu Zaur müəllimin gəlməyini gözləmir, xarab olur”


Mer bildirib ki, gün ərzində kəndlərdə məhsulun satılması üçün çalışırlar. O, deyib ki, çiyələk və kartof, eləcə də Şulaveridə pomidor məhsulu yetişir ki, onun da satılması üçün əllərindən gələni edəcəklər.

“Aşağı Saraldan bu günə kimi 100 tona yaxın kələm məhsulu çıxarılıb. Sadəcə olaraq kənddə məhsul çoxdur. Başqa kəndlərdə də bu vəziyyətdir. Sadəcə burada bəzi insanlar var ki, məhsulu xarab olur. Qarşıdan pomidor və çiyələk məhsulu da yetişir, biz çalışacağıq ki, məhsulun satışı həyata keçirilsin. Bilirsiniz ki, bazarlar bağlı idi, hər gün bazarlar açılır. Biz Kənd Təsərrüfatı Nazirliyi ilə də əlaqə saxlayacağıq, bu gün mənə Acarıstan Kənd Təsərrüfat Nazirliyindən də zəng gəlmişdi ki, kələmə tələbat var. Daxili bazarlarda tələbat azdır, bazarlar açıldıqca məhsulun satışı da həyata keçiriləcək, tələbat çox olacaq. Maksimum dərəcədə sakinlərə kömək etməyə çalışacağıq”, – Mer Zaur Darğallı dedi.

Marneuli meri Zaur Darğallı sakinlərə vəd verib ki, bu gün kənd məhsulları ilə bağlı meriyada iclas keçiriləcək. O, kəndlərdən gün ərzində ən az 25-30 tona yaxın məhsul çıxara biləcəklərini deyib.



Print Email
FaceBook Twitter Google