Sadaxlı kəndində illərdir axmayan Bənövşə çayı - (Foto/Video)
Sadaxlı Borçalının ən qədim və böyük kəndlərindən biridir.
Müəyyən səbəblərə görə bu kənd öz yerini 1-2 km olmaqla 2-3 dəfə dəyişib. Sadaxlı ilk vaxtlar Bənövşə çayının (yerli əhali onu çaxrax da adlandırır) sol tərəfində Daşçıxan adlanan yerdə yerləşib. O, zamanlar Bənövşə çayı ilin hər fəslində gurultulu axırmış.

Bənövşə çayının mənbəyi Ləlvər dağından başlayır. Kənd sakinlərinin keçmiş babalarından eşitdiklərinə görə, əvvəllər çayın üstündə körpü olmadığı üçün çayı keçməkdə daima çətinlik çəkirlərmiş. Çayın digər tərəfində qəbiristanlıqlar var ki, 400 illik tarixə malik qədim qəbir daşı da var.

Kənd ağsaqqalların sözlərinə görə, "Bənövşə çayı" o zamanlar gur gəldiyindən, insanlar yaxınları rəhmətə gedəndə ya qayıq ilə çayı o tərəfə keçər, ya da başqa yollarla çətinlik çəkərək keçərlərmiş. Çayın gur gəlməsini meşələrin çox olması və havaların yağışlı keçməsi ilə əlaqələndirirlər.



"Bizim babalarımız əvvəl deyirdi ki, Bənövşə çayı ildə 2-3 dəfə daşaraq bütün həyətlərə axar və qarşısına nə gəlir aparırmış. Təxminən 10 ildən bu yana havaların quraq keçməsi ilə çay qurumağa başladı. Artıq neçə ildir ki, çay belə gurultulu gəlmirdi",
– Sadaxlı kənd sakini deyir.

Havaların yağışlı keçməsi ilə Bənövşə çayında hal-hazırda suyun gur gəldiyini görmək mümkündür. Lakin ətrafa tullanan zibillər də gözdən qaçmır. Burada yaşayan kənd sakinləri deyir ki, əvvəllər zibil qutuları olmadığı üçün zibilləri məhz bura atıblar və bu tullantılar illərdir burada qalmaqdadır.



Onu da qeyd edək ki, artıq neçə ildir ki, Bənövşə çayının üstündə "Avdı kişinin körpüsü” adlandırılan körpü salınıb. Deyilənlərə görə, 1970-80-ci illərdə Sadaxlı kənd sakinləri başda Layışov Avdı, Məmmədov Məhəmməd, Xudiyev Həmid və başqaları həm maddi, həm mənəvi dəstək olaraq bu körpünü salıblar. Avdı kişi təmir işləri ilə yaxından məşğul olduğu üçün kənd sakinləri körpünü "Avdı kişinin(babanın) körpüsü” adlandırırlar.



Müəllif: Dürdanə Xudiyeva
Print Email
FaceBook Twitter Google