Xəbərlər
“Ambarovka, Algeti Üzümçülük Təsərrüfatı və Keşəli kəndləri yaxın vaxtlarda içməli su ilə təmin ediləcək”, – Zaur Darğallı (VİDEO)
Marneuli bələdiyyəsinin Kürtlər, Algeti və Kəpənəkçi ərazi vahidliyinə daxil olan kəndlərinə yeni içməli su xətti çəkilir. Yeni xətt çəkildikdən sonra Algeti, Təzəkənd, Əzizkənd, Hacıisakənd, Kürtlər, Ambarovka, Algeti Üzümçülük Təsərrüfatı və Keşəli kəndləri içməli su ilə təmin olunacaq. Tender yanvar ayında elan edilmişdi və mart ayında layihə başlamalı idi. Amma pandemiyaya görə layihə may ayında başladı.

İndi layihəni birinci hissəsi sona çatıb və yaxın vaxtlarda Ambarovka, Algeti Üzümçülük Təsərrüfatı və Keşəli kəndləri içməli su ilə təmin ediləcək.

Marneuli meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar artıq xəttin ikinci hissəsinin tikintisinə də başlayıblar və maksimum iki ay ərzində əhalini keyfiyyətli içməli su ilə təmin edəcəklər.

“Xəttin Kəpənəkçi hissəsini artıq sona çatdırmışıq. Kəpənəkçi hissəsində yerləşən Ambarovka, Keşəli kəndinin bir hissəsi və Algeti Üzümçülük Təsərrüfatı kəndlərində tikinti işlərini sona çatdırmışıq və düşünürəm ki, artıq gələn həftədən həmin kəndləri içməli su ilə təmin edəcəyik. Həmçinin xəttin ikinci tərəfində də artıq işlər başlayıb. Bu Kürtlər ərazi vahidliyində yerləşən kəndlərin, həmçinin Algeti vahidliyində yerləşən kəndlərin içməli su ilə təmin olunmasıdır. Burda da işlər gedir. Düşünürəm ki, bir ay yarıma, iki aya bu kəndləri də su ilə təmin edəcəyik. Ancaq bildirdiyim kimi, Kəpənəkçi vahidliyində yerləşən üç kəndi gələn həftədən etibarən təmiz su ilə təmin edəcəyik. O xətti sona çatdırmışıq və paralel şəkildə ikinci xəttə də aktiv şəkildə işlər gedir”, – Zaur Darğallı dedi.

Onu da əlavə edək ki, yerli özünüidarə kəndlərin su ilə təmin edilməsi üçün 3 150 685 lari dəyərində tender elan edib. Tender yanvar ayında elan edilmişdi və mart ayında layihə başlamalı idi. Amma ölkədə koronavirusun yayılmasına görə layihənin həyata keçirilməsi may ayına kimi təxirə salındı. Tenderə görə, qalib gələn şirkət işləri müqavilə bağlandıqdan sonra 135 gün ərzində başa çatırmalıdır.


FaceBook Twitter Google