Burma sakinləri içməli su problemindən sonra yol çəkilməsi tələbi ilə meriya qarşısına toplaşıblar
Marneuli bələdiyyəsinin Burma kənd əhalisi içməli su tələbindən sonra bu gün, 29 iyul tarixində yol infrastrukturunun qaydaya salınması tələbi ilə meriya qarşısına toplaşıb.

Sadaxlı ərazi vahidliyinə daxil olan kəndin sakinləri illərdir asfaltsız yollardan narahat olduqlarını bildirdilər və məsələ ilə bağlı isə meriyaya dəfələrlə yazılı surətdə müraciət etdiklərini qeyd etdilər.

"Bizim problemimiz yolumuzdur. Neçə ildir ki, söz verirlər dövlət tərəfindən. 3-4 kilometr yarım qədər yoldur. Biz tələb edirik dövlətimizdən ki, yolumuzu düzəltsinlər. Təcili yardım da gəlib çatmır. Yol bərbaddır deyə xəstə həyatını itirir. Biz tələb edirik ki, bizim yolumuzu dərhal təmir etsinlər. Başqa-başqa kəndlər var idi təmir etsinlər. İlk biizm kəndimiz olmalı idi. Bir neçə gün əvvəl içməli su tələbi ilə gəlmişdik ayın 2-nə qoydular ki, düzəldəcəyik. İndi yol probleminə görə gəlmişik",–
Elməddin Cəfərov dedi.

Burma kəndinin digər sakinləri də bu kimi problem qarşısında dururlar. Bu gün meriya binası qarşısına təxminən 30 nəfər toplaşmışdı. Sadaxlı ərazi vahidliyinin deputatı Rövşən İsgəndərov da meriyada idi. O, “Marneuli” radiosuna bildirdi ki, əhalinin problemini həmişə yerli özünüidarəyə çatdırır. İndi isə o, Marneuli meri tərəfindən qərar verilməsini gözləyir.

Yerli özünüidarədən bildirdilər ki, qeyd olunan kəndin yolunun bərpası üçün layihə hazırdır. Onun həyata keçirilməsi üçün vəsaitlə bağlı tələb regionda həyata keçiriləcək layihələr fonduna göndərilib və sonrakı mərhələdə yolun bərpa işləri aparılacaq. Dəqiq vaxt isə məlum deyil.






Print Email
FaceBook Twitter Google