Sabirkənd 1 saylı ictimai məktəbinin tikintisinə fevral ayında başlanılacaq
Marneuli bələdiyyəsinin Sabirkənd 1 saylı ictimai məktəbinin tikintisinə fevral ayında başlanılacaq. Bu barədə “Marneuli” radiosuna Sabirkənd məktəbinin tikinti layihəsinin meneceri Qia Davituliani məlumat verib. Onun sözlərinə görə, işlər başlayana qədər bir neçə mərhələ keçməlidirlər.

“Müqavilə əsasında ilk beş ay layihə işləri üçündür, sonra tikintiyə başlanılacaq. Layihə işləri dörd mərhələyə bölünüb. İki mərhələ artıq keçib. 25 yanvar tarixində sənədlərin üçüncü təqdimatı olacaq (təfərrüatlı sənədlər) və sonra artıq təxminən 15 fevral tarixində bizə tikinti üçün icazə veriləcək. Əvvəlcə hazırlıq işləri, sonra isə fəal tikinti işləri başlayacaq”, – Qia Davituliani bildirdi.

Şagirdlər 2018-ci ildə tədris ili başlayandan sonra Marneuli bələdiyyəsinin Sabirkənd 1 saylı ictimai məktəbinin binasına heç kəs daxil olmayıb. Bina qəzalı vəziyyətdədir və buna görə də tədris prosesi dayandırılıb.

Məktəbin tikinti işlərinin həyata keçirilməsi üçün Gürcüstanın Bələdiyyələrin İnkişaf Fondu 7 343 779 lari dəyərində tender elan edib. Qalib şirkətlər “Amxanaqoba” MMC, “İn-si” və “Şəhər layihəsi” MMC-dir. Onlar işləri 6 264 667 lariyə həyata keçirməyi təklif ediblər.

Tender sənədlərinə görə, ictimai məktəb binası 450 şagird üçün nəzərdə tutulmalıdır və aşağıdakı sahələrdən ibarət olmalıdır:

24 sinif otağı, laboratoriya ilə 4 kabinet, direktor və müavininin kabinetləri, dəftərxana, müsahibat-arxiv, müəllimlər otağı, həkim kabineti, mandatur/mühafizəçi otağı, ayaqyolu və dezinfeksiya vasitələri ilə xadimənin otağı, məktəb inventarı üçün zirzəmi, şagirdlər, administrasiya və s. üçün sanitar bloklar, kitabxana: kitab saxlama və kompüter guşələri, tədbirlər üçün zal (zal, səhnə, geyim dəyişmək üçün yer) və s.

Print Email
FaceBook Twitter Google