Marneuli “Avtopark” MMC-nin rəhbərinin sözlərinə görə, avtobus növbəti dəfə xarab olana qədər Qırmızı Körpüyə hərəkət edəcək

Bu gün, 16 dekabr tarixində Marneuli-Qırmızı Körpü xəttində hərəkət edən avtobus fəaliyyətini bərpa edib.



Qeyd olunan xətdə iki həftədən artıqdır ki, yalnız bir avtobus hərəkət edirdi və buna görə əhali üçün problemlər yaranırdı.

Qırmızı Körpünün yaxınlığında yerləşən Kirəç-Muğanlı kənd sakinləri 12 dekabr tarixində “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirmişdilər ki, Qırmızı Körpüdən Marneuliyə gələn avtobus yalnız saat 10:00-da çıxırmış, saat 15:30-da isə geri qayıdırmış. Marneuli “Avtopark”-ın rəhbəri Qiqa Calağonia o zaman bildirmişdi ki, avtobusun qrafiki dəyişməyib, problem isə avtobuslardan birinin xarab olmasına görə yaranıb.

Bu gün, 16 dekabr tarixində Qiqa Calağonia “Marneuli” radiosuna bildirdi ki, avtobusla bağlı yaranmış problem həll olunub.

“Güman ki, növbəti dəfə xarab olana qədər adi rejimdə hərəkətinə davam edəcək”, – Qiqa Calağonia bildirdi.

Calağonianın sözlərinə görə, Marneuli-Qırmızı Körpü xəttində cəmi iki bələdiyyə avtobusu hərəkət edəcək. Səhər saat 08:00-da bir avtobus Qırmızı Körpüdən Marneuliyə, digər avtobus isə Marneulidən Qırmızı Körpüyə çıxacaq. Avtobuslar saat 17:00-da sonuncu reysi həyata keçirəcəklər.

 

Print Email
FaceBook Twitter Google