Xuldərəli Səxavət İlyasov Qran-pri mükafatının sahibi oldu
19 yaşlı Xuldərə kənd sakini Səxavət İlyasov çəkdiyi “Gələcək Nəsillərə Məktub” filmi ilə “Gipa Media Lab” layihəsində Grand-pri mükafatının sahibi olub.

“Marneuli” radiosuna verdiyi müsahibə zamanı Səxavət İlyasov Ariz Daşdəmirov və Kamran Əfəndiyevin təsis etdiyi “Qaraj”-ın onun həyatında, uğurlu addımlarında böyük rolunun olduğunu dedi. O, Xuldərədə fəaliyyə göstərən “Qaraj” İcma Mərkəzinin vasitəsi ilə "Gipa Media Lab" layihəsinə qoşulduğunu deyir.

Bundan sonra İlyasov dostları Tayfun Paşayev və Turqay Dəmirçəlov ilə birlikdə Xuldərə kəndinin tarixi ilə bağlı “Gələcək Nəsillərə Məktub” adlı film hazırlamaq qərarına gəlirlər. O, filmin kəndin tarixinə həsr olunmasının səbəbləri haqqında da məlumat verdi.

“Kəndin tarixi, keçmişi haqqında heç bir məlumatımız yox idi. Bir neçə məlumatları da ata-babamızdan eşitmişdik. Biz kəndin ağsaqqallarını danışdırdıq, araşdırdıq və əlavə məlumatlar toplamağa çalışdıq. Doğrudur, çəkiliş zamanı bir çox problemlərlə qarşılaşdıq. Bəzən səs yazısına razı olur, amma video çəkilişə gəldikdə razılıq vermirdilər. Bütün çətinliklərə baxmayaraq biz videonu ərsəyə gətirdik.”


İlyasov Qran-pri mükafatına sahib olduğunu bildiyi zaman yaşadığı sevincin əvəzsiz olduğunu dedi. O, hissini sözlərlə ifadə etməkdə çətinlik çəkdiyini bildirdi.
Səxavətin indi bir arzusu var, yüksək bal toplayaraq ali təhsil ocağına qəbul olmaq.

Məlumat üçün qeyd edək ki, 20 dekabr tarixində “Gipa Media Lab” layihəsinin “Doc U” film festivalının onlayn təqdimatı baş tutub.

Təqdimat zamanı qaliblər müəyyən olunub. “Yeni Düşüncə İnstitutu”-nun yetirməsi Səxavət İlyasov çəkdiyi filmlə birincilik əldə edib və “Gipa”-da pulsuz bakalavr təhsili almaq şansı qazanıb.

Print Email
FaceBook Twitter Google