Təəssüf ki, qanun icazə vermir, böyük tenderləri birbaşa “Ktsiaya” verərdim – Qiorqadze “Marneuli” radiosunun məqaləsinə münasibət bildirib

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bugünkü iclası “Marneuli” radiosu tərəfindən hazırlanmış məqaləyə münasibət bildirməklə başlayıb.



Bələdiyyə Məclisinin sədri hesab edir ki, Marneuli meri müavininin atasının şirkətinin son 17 ay ərzində meriyanın 22 tenderində qalib gəlməsi və yerli büdcədən yolların çəkilməsi üçün 15 985 260 lari alması haqqında məlumat “Marneuli” radiosu tərəfindən pis işıqlandırılıb.

“Kameralar qarşısında “Marneuli” radiosu tərəfindən yayımlanmış məlumata münasibət bildirmək istəyirəm və cavab verməsəm, olmaz. Bu konkret olaraq “Ktsia” MMC ilə bağlıdır. Səhv etmirəmsə, şirkət 80-ci illərdə təsis edilib və ondan sonra bizim bələdiyyəyə layiqli şəkildə xidmət göstərir. Qeyd olunan şirkətin həyata keçirdiyi işlər mənə bunu deməyə imkan verir. Bir fakt belə yoxdur ki, kimsə, hansısa nəzarətçi orqan onlara xərclərlə və ya vaxtla əlaqədar irad bildirmiş olsun”.

Marneuli Bələdiyyə Məclisinin sədri istəyir ki, Marneuli bələdiyyəsində “Ktsia” kimi şirkətlər çox olsun. Çünki onlar öz öhdəliklərini problemsiz şəkildə yerinə yetirirlər.

“Tenderdə hər bir şirkət iştirak edə bilər və heç kim məhdudlaşdırılmayıb. Problem məhz bundadır ki, şəxsi texnikası, karxanası, zavodu və s. olmayan MMC-lər təklif göndərirlər. Aşağı qiymət yazırlar və bizim qanuni hüququmuz yoxdur ki, buna qarşı çıxaq. Sənədləri gətirirlər ki, bu texnikanı icarəyə götürüblər və biz bunu nəzərə alırıq. Əlbəttə, qanun bunu nəzərə almaq öhdəliyi qoyur”.

Amiran Qiorqadzenin sözlərinə görə, meriyanın tenderlərində qalib gəlmiş şirkətlərin işləri vicdansız şəkildə yerinə yetirməsi halları tez-tez baş verir. O, Marneulidə su və kanalizasiya layihəsini həyata keçirən “Akelik” şirkətini xatırlayıb və bildirib ki, şirkətin məsuliyyətsizliyinə görə, əhali meriyadan cavab tələb edirdi.

“Tenderdə öz texnikası, zavodu, karxanası olan şirkətə başqası necə qalib gələ bilər? Belə şirkət öz materialını əldə edib işlədəcək. Amma aşağı qiymət təklif edən,icarəyə götürdüyü texnikanı özününkü kimi göstərən, yalançı MMC-lərin olmasından irəli gələrək onlar tenderdə qalib gələ bilirlər. Məndən asılı olsa və qanun icazə versə, böyük tenderləri birbaşa qayda ilə “Ktsia” MMC-yə verərdim. Əlbəttə, işlərin yerinə yetirilməsinə görə, məsuliyyət daşıyıram. İşlərin yerinə yetirilməməsi, yaxud gecikməsi və ya keyfiyyətsiz iş görülməsi faktı olarsa, kimsə mənimlə buna görə mübahisə edərsə, mən cavabdehliyi üzərimə götürürəm. Amma təəssüf ki, qanun buna icazə vermir”, –
Amiran Qiorqadze bildirib.

“Marneuli” radiosu “Marneuli meri müavininin atasının şirkəti son 17 ay ərzində meriyadan 15 985 260 lari dəyərində tender qazanıb” məqaləsini 2023-cü ilin 8 may tarixində yayımlayıb. Məqalə meriya və Bələdiyyə Məslisində işləyən şəxslərin, onların qohumlarının səs-küyünə səbəb olub. Feysbukda şərhlərin əksəriyyətində “Marneuli” radiosu tənqid edilirdi. Media vasitəsində işləyənləri təhqir edir və “agentlər haqqında qanunun” qəbul edilməməsinə təəssüflənirdilər.

Bu gün, 24 may tarixində Bələdiyyə Məclisinin iclasında “Marneuli” radiosunun jurnalisti də iştirak edirdi. Jurnalistimiz Bələdiyyə Məclisi sədrindən qeyd olunan şərhlərlə bağlı mövqeyini bildirməyi xahiş edib.

“Hamının öz fikrini bildirmək hüququ var. Sizin, müxalifət kanallarının etdiyi kimi, hamının öz fikrini bildirmək hüququ var və eyni vəziyyət baş verir. Bu deyil, şəxsi təhqirlərə keçirlər, amma o zaman reaksiya göstərmirsiniz. Pisdir, olmamalıdır. Jurnalist yazıb, bəli, amma bu artıq mənəvi tərəfdir, təhqir etməməlisən. Ola bilsin, jurnalistin fikri xoşuna gəlmir, amma orada normal cavab verə bilərsən. Mən təhqiri alqışlamıram və burada bitirək. Çünki müzakirə olunası məsələlərimiz var”,
– Amiran Qiorqadze bildirib.

Qeyd edək ki, Amiran Qiorqadze “Marneuli” radiosunu müxalifət mediası kimi qeyd etdi. “Marneuli” radiosunun jurnalisti Bələdiyyə Məclisinin sədrinə izah edib ki, media təşkilat müxalifət yönlü deyil və o, sadəcə mətbuatdır. Qiorqadze qeyd edib ki, bu onun şəxsi qavrayışı və mövqeyidir.


 

Print Email
FaceBook Twitter Google