Kürtlər kəndində ilk dəfə olaraq təhsil mərkəzi fəaliyyətə
başlayıb. Mərkəzin təsisçisi Elmlər namizədi, Fəlsəfə doktoru,
təqaüdçü İsmixan Abdullayevdir.
O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, uzun
zamandır, öz biliklərini gənclərlə bölüşmək məqsədi ilə təhsil
mərkəzi açmaq qərarına gəlib. 3-4 aydır ki, o, öz məqsədinə nail
olub və kənddə təhsil mərkəzi açaraq gənclərin asudə vaxtlarını
dəyərləndirmələri üçün onlara imkanlar yaradıb, riyaziyyat və
şahmat üzrə kurslar təşkil edib.

“Məqsədim odur ki, savadımdan, bilik və qabiliyyətimdən
istifadə edərək gələcək nəsilləri maarifləndirim. Onlar da bu
sahədə biliklərə yiyələnsinlər. Mən elmlər namizədi, fəlsəfə
doktoruyam. Orta məktəbi qızıl medalla bitirmişəm. Özümdə müəyyən
potensial hiss edirdim ki, bu potensialımı gələcək nəsillərə
çatdırmaq istədim. Həm də burada mənim bir məqsədim də odur ki,
həyatım maraqlı keçsin, özümdə olan qabiliyyəti evdə oturub məhv
etməyim. Onu kiməsə çatdırım, ötürüm, onlar da bu biliklərə sahib
olsunlar. Burada çoxlu sayda riyaziyyatdan, şahmatdan öyrənmək
istəyən, şagirdlər var. Bu mənim üçün böyük şərəfdir, fəxrdir.
Bundan sonra da Baydardan, Kürtlərdən, başqa kəndlərdən də gələnlər
olacaq. Burada hər hansı təmənna yoxdur. Məqsəd odur ki, mən evdə
boş oturmayım, biliyimi gənclərlə bölüşüm və faydalı işlərlə məşğul
olum”.

Abdullayev deyir ki, ilk günlər onların mərkəzində lazımi
avadanlıqlar olmayıb. Lakin “Socar” neft şirkəti onun təsis etdiyi
mərkəzə stol, stul və şahmat avadanlıqları göndərib. Beləliklə o,
hazırda gənclərlə daha rahat şəkildə öz biliklərini bölüşə
bilir.

“Avadanlıqlar təxminən 10 gündür ki, gəlib. Mənim
oturmağa stol, stulum yox idi. Şahmat avadanlıqlarımız yox idi.
“Socar”-dan bizə böyük kömək oldu və bu avadanlıqlarla bizi təmin
etdilər. Arzu edənlər getdikcə çoxalır. Onlar mənim nəvələrim
olduqları üçün mən hər birinə vaxt ayıracağam. Bu mənim üçün böyük
bir şərəfdir. Mən hər gün buradayam. Bəzən öz yaşıdlarım da
gəlirlər, çay içirik, vaxt keçiririk. Tələbələr gələndə isə onlarla
məşğul oluram. Hansı kənddən olursa, olsun, kim istəyir, gəlib
bizimlə biliklərini inkişaf etdirə bilərlər”,–
İsmixan Abdullayev dedi.

Nuran Binnətova mərkəzin yetirmələrindən biridir. Onun sözlərinə
görə, kənddə ilk dəfədir ki, belə kurslar açılıb. O, bu cür
kursların olmasından məmnunluq hissi duyduğunu bildirir.
“2 həftədir ki, kurslara qatılmışam və çox məmnunam.
Kəndimizin uşaqları üçün bu kursların olması çox yaxşıdır. Mən həm
şahmat, həm də riyaziyyat kurslarına qatılıram. Müəllimimizə çox
təşəkkür edirəm ki, bizə belə imkan yaradır. Biliyimizi daha da
genişlədirik. İlk dəfədir, belə kurslara qoşuluram və çox məmnunam.
Kənddə belə bir fürsət yarandığı üçün istədim ki, belə bir fürsəti
dəyərləndirim. Bu kurslara qoşuldum və yaxşı ki,
qoşulmuşam”.

Kənddə riyaziyyat və şahmat kurslarının olduğuna sevinən gənclərdən
biri də Xədicə Məmmədovadır. Xədicə deyir ki, şahmat kurslarının
olması kənddəki gənclərin məntiqlərini, qabiliyyətlərini inkişaf
etdirmələri üçün olduqca vacibdir.

“Kəndimizdə kursun açılmasına görə məmnunam. Riyaziyyat
və şahmat kurslarına gedirəm və bu mənim biliyimin inkişafı üçün
çox yaxşıdır. Riyaziyyatdan öz bilik və məntiqimi inkaş etdirməyə
çalışıram. Bilmədiyim bir şeyi öyrənməyə çalışıram ki, daha da
yaxşı öyrənim. Əvvəllər belə kurslara getməmişəm, Ukraynada
yaşadığım zaman riyaziyyatdan hazırlığa gedirdim, indi isə
kəndimizə gəlmişəm və çox sevinirəm ki, kəndimizdə belə kurslar
var. Şahmatın olması kənddəki uşaqlar üçün olduqca yaxşıdır. Bu
uşaqların məntiqini inkişaf etdirmək üçün əla
üsuldur”.

Məlumat üçün bildirək ki, mərkəzin təsisçisi İsmixan Abdullayev 40
ildən artıq təhsil sahəsində fəaliyyət göstərib. Onun illər ərzində
bir çox kitabı çap olunub. Bu yaxınlarda isə şeirlər və
aforizmlərdən ibarət daha bir kitabı çapdan çıxıb. Abdullayev
1948-ci ildə Kürtlər kəndində anadan olub. Orta təhsilini Baydar
orta məktəbində alıb. Daha sonra isə ali təhsilini davam etdirmək
üçün Bakı şəhərinə yollanıb. Bakı Dövlət universitetidə mexanika və
riyaziyyat fakültəsindən məzun olub. Qazax Müəllimlər İnstitutunun
prorektoru, Ağcabədi Müəllimlər Universitetinin rektoru
vəzifələrində çalışıb.