Təhsilimi bitirdikdən sonra Gürcüstana qayıtdım, amma iş tapa bilmədim – Albina Məmmədova
“Təhsilimi bitirdikdən sonra Gürcüstana qayıtdım, amma iş tapa bilmədim”, – bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı Kembric Universitetində vəzifəyə gətirilən Albina Məmmədova dedi. Onun sözlərinə görə, İngiltərədə qalmağı düşünməyib. Amma təəssüflə qeyd edir ki, Gürcüstana qayıtdıqdan sonra təhsil aldığı peşəyə görə iş tapa bilməyib.

“Orda qalmağı planlaşdırmırdım. Gürcüstana qayıtdım. Amma iş tapa bilmədim. Təəssüf ki, Gürcüstanda qeyri-sabit siyasi vəziyyət və qohumbazlıq böyük problemdir. Amma mən hələ də dostuma kömək edirəm və bizim öz kiçik məsləhətçi təşkilatımız var. Biz yeni başlamışıq. Ümid edirəm ki, daha çox layihələr əldə edəcəyik və işləyəcəyik. Və Gürcüstana qayıda biləcəyəm və ya heç olmasa Qafqaz regionumuzda işləyəcəyəm”.

Albina Məmmədova onu da bildirdi ki, onun təhsil aldığı sahə Gürcüstanda o qədər də tanınan bir sahə deyil.

“Mənim əsas sahəm təbiət mühafizəçisidir. Mənim sahəm o qədər də tanınmır və populyar deyil. Dostum və həmkarım Xatia Basilaşvili məndən təbiətin mühafizəsi sahəsində hər hansı magistr təhsilinə müraciət etməyimi xahiş etdi, Kembricin xüsusi proqramı da onlardan biri idi. İlia Dövlət Universitetini bitirdikdən sonra SABUKO qeyri hökumət təşkilatında 5 ildən çox işlədim. Və mən təbiət mühafizəçisi kimi bacarıqlarımı inkişaf etdirmək üçün daha çox təcrübəyə ehtiyacım olduğuna qərar verdim. Ona görə də universitetə müraciət etdim və təqaüd almaq nəsib oldu. Çünki tək başıma özümə yardım edə bilməyəcəkdim və təqaüdlə təhsilimi davam etdirdim”.

Qeyd edək ki, əslən Qardabaninin Ağtəhlə kəndindən olan Albina Məmmədova 1992-ci ildə Rustavi şəhərində anadan olub. O, ilk təhsilini Rustavi şəhər 3 saylı ictimai məktəbində alıb. Məktəbi bitirdikdən sonra Məmmədova 2010-cu ildə İlia Dövlət Universitetində İncəsənət və Elm, Avropa və Şərqşünaslıq fakültəsinə qəbul olub və 2014-cü ildə bakalavr təhsili başa vurub. Daha sonra elə həmin universitetin Təbii Elmlər və Mühəndislik sahəsi üzrə magistr dərəcəsinə sahib olub.

Albina 2013-2021-ci illərdə Avropada biomüxtəliflik, təbiətin mühafizəsi və nəsli kəsilməkdə olan növlərin bərpası istiqamətində müxtəlif beynəlxalq mübadilə kurslarını tamamlayıb.

2022-ci ildə Kembric Universitetinin Coğrafiya Departamentində, Təbiətin Mühafizəsi Liderliyi üzrə magistr proqramına tam təqaüdlə qəbul olan Albina Kembricdə iş təklifi alıb və universitetdə Coğrafiya Departamentinin Kommunikasiyalar üzrə koordinatoru vəzifəsinə gətirilib.

Print Email
FaceBook Twitter Google