Tbilisidə tələbəlik: Regionlardan gələn gənclər üçün təhsil almaq neçəyə başa gəlir
Koronavirus pandemiyası aradan qalxdıqdan sonra tələbələr təhsillərinə universitetlərdə, auditoriyalarda davam etməyə başladılar. Bundan irəli gələrək, uzaq regionlardan gələn tələbələrin bəziləri şəhərdə kirayədə qalmaq, bəziləri isə gündəlik olaraq marşrutla gedib-gəlmək qərarını alıb. Kirayələrin qiyməti pandemiyadan, Ukraynada başlayan müharibədən eləcə də, Ukrayna və Rusiya vətəndaşlarının ölkəyə gəlməsindən sonra daşınmaz əmlakın və məhsulların qiyməti hiss olunacaq dərəcədə artıb.

Bu, bölgələrdən gələn tələbələrin paytaxtda yaşaması üçün problemlər yaradıb. 2023-cü təqvim ili ərzində 36 295 tələbə müxtəlif səbəblərdən dolayı statusunu dayandırıb. Aydın məsələdir ki, bu müxtəlif səbəblərdən dolayı baş verir. Biz bahalaşmış kirayə, məhsullar şəraitində tələbələrin necə yaşadıqlarını maraqlandıq. Bu barədə İlya Dövlət Universitetində oxuyan və həftə içi hər gün Marneulidən Tbilisiyə gedən Şəhla Məmmədova bildirir ki, maddi problemdən əlavə, gündəlik gedib-gəlmək çox yorucu olur.

“Marneulidə yaşayıram və həftənin 6 günü Tbilisiyə dərsə getmək maddi cəhətdən çətinlik yaradır. Rayon daxili marşrutların isə tələbələrə güzəşti yoxdur. Yola təxmini olaraq 7-8 lari xərcləyirəm. Bu isə günlük xərclərimin ən böyük hissəsini tutur. Yemək xərclərinə isə 3-5 lari xərcləyirəm. Gün ərzində 10-12 lari xərcləyirəm. Maddi problemi bir kənara qoysaq, yol gedib-gəlməyin özü çox çətindir. 3-4 avtobus dəyişərək təxminən 2 saata universitetə çatıram. Bundan əlavə dərslər bitdikdən sonra evə qayıtmaq problem yaradır. Marneuli avtobusları saat 7-yə qədər işləyir. Ən böyük problemlərdən biri də rayon daxili avtobusların 6-ya qədər işləməsidir. Buna görə də, rayona çatdıqda, evə 40-50 dəqiqə ərzində piyada getməli oluram”.

Məmmədova bildirir ki, gedib-gəlmək onun bütün gününü alır və evə gec qayıtdığına görə dərslərini oxumağa vaxtı qalmır.

“Tbilisidə qalmaq da əslində əlverişlidir. Sadəcə son zamanlar kirayə evlərin qiymətinin qalxması səbəbindən normal şəraitli ev tapmaq çətindir. Ancaq Tbilisidə qalanlarla, gedib-gələnləri müqayisə etsək görərik ki, gedib-gəlmək büdcəyə daha uyğundur nəinki qalmaq, baxmayaraq ki, yorucudur. Təhsil haqqının və tələbənin ehtiyaclarının qarşılanması normal gəlirli ailə üçün çətindir. Memarlıq oxuyuram və hər həftə ləvazimatları almaq üçün 20-30 lari xərcləyirəm”.

Onun bildirdiyinə görə, bir ayda yol xərcləri, təhsil materialları və yemək xərcləri 500 lariyə başa gəlir.

Təhsil haqqı üçün 2-3 aydan bir 560 lari ödəyirəm. Amma ayda cəmi 360 lari yemək və yol üçün xərcləyirəm. Ləvazimatları almağa isə 80-100 lari ayırıram” - Şəhla Məmmədova deyir.

Bununla bağlı, İlya Dövlət Universitetində oxuyan və Tbilisidə kirayədə yaşayan Aida Vermişyan “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, xərcləri arasında ən çox məbləği kirayə üçün ayırır.

“Bildiyimiz kimi, Tbilisidə kirayə evlərin qiyməti çox qalxdı ona görə də, çətin olur yaşamaq. Kirayə ev üçün ayda 800 lari ayırıram. Artıq ikinci ildir ki, təhsil haqqına pul xərcləmirəm, çünki hazırlıq kursunda təqaüd almışam və bütün ilin ödənişləri tam maliyyələşdirilib, yəni 2250 lari.
Gələn ildən təhsil haqqını ödəməli olacağam və mən bütün resursları, o cümlədən kirayə, kommunal xərclər, təhsil ləvazimatlarının alınması və s. haqqında düşünürəm. Minimum 2000 lari çox azdır. Bütün xərcləri qarşılamaq üçün ayda 2500 lari lazım gəlir.
Bütün bunlarla mən motivasiya ilə oxumağa davam edirəm. Qeyd olunan faktorlar ümidimi itiməyimə mane olmur. Çünki, uğur qazanmaq üçün çətin yoldan keçməlisən, heç nə asan deyil və mümkün olmayan şey yoxdur”.

Aida bildirir ki, xərclərini qarşılamaq üçün mağazada konsultant vəzifəsində işə başlayıb.

“6 ay mağazada konsultant vəzifəsində işlədim. Nəticədə dərslərimə əlavə vaxt ayıra və boş vaxtlarımda kitab oxuya bilmirdim. Çox ağır qrafikim var idi”, - Aida Vermişyan bildirir.

Bundan başqa şəhərə oxumaq üçün gedən və kirayədə qalmayan Marneuli sakini tələbə Güllü Axundova bildirir ki, yol, yemək və təhsil ləvazimatlarına ayırdığı xərclər ayda 400-500 larini təşkil edir.

“Gedib-gəlmək elə də çətinlik yaratmır. Bəzi günlər axşam saatlarında dərsim olduğu zaman çətinliklə üzləşirəm. Ancaq digər günlərdə marşrutlar 7-yə qədər işlədiyi üçün rayona çata bilirəm. Həmçinin, çox yorucu olur və yolda çox vaxt itirirəm. Tapşırıqlarımı belə bəzən tam olaraq yerinə yetirə bilmirəm. O baxımdan qalmaq əlverişlidir. Yola, tədris materiallarına və yeməyə ayırdığım məbləğ ayda 400-500 lari təşkil edir. Təhsil haqqını isə “SOCAR” ödəyir”, - Güllü Axundova.

Bununla bağlı Kaxetinin Qabal kəndindən olan və İlya Dövlət Universitetində oxuyan Ceyran Qurbanova bildirir ki, şəhərdə qalmaq və pul xərcləməmək qeyri-mümkündür.

“İlk əvvəl onu qeyd etmək istəyirəm ki, şəhərdə yaşamaq və pul xərcləməmək qeyri-mümkündür. Tələbə olduqda isə bu daha da çətin vəziyyət alır. Tələbənin bir illik təhsil haqqı ilə yanaşı kirayə, yemək və digər xərcləri ümumi 2800-3000 lari arasında dəyişir. Bu eləcə də insanın pulu necə xərclədiyindən asılıdır. Əgər şəhərdə deyil kənddən gedib-gəlsəydim daha çox xərcim çıxardı. Çünki, 1 günlük kəndə gediş-gəliş 30 laridir. Bu mənim üçün yorucu olardı ona görə ki, 3 saatlıq yol dözülməz olur”,
- Ceyran Qurbanova

Beləkilə, tələbələrin ehtiyaclarını qarşılamaq üçün ayırdıqları xərclərdən aydın oldu ki, gedib-gələn tələbə üçün səhər Marneulidən paytaxta səyahət, nahar, təhsil haqqı və axşam evə qayıtmaq, onun üçün aylıq ortalama 1500 lariyə başa gəlir.

Bundan əlavə, şəhərdə kirayə bir neçə nəfərlə evi bölüşən tələbə, gündəlik yemək, yol, təhsil haqqını və kommunal xərclərini qarşılamaq üçün ayda orta hesabla 2000 laridən artıq məbləğ xərcləyir.

Print Email
FaceBook Twitter Google