Ramazan ayı nə zaman başlayır – “BGMİ”-dən AÇIQLAMA
“Bu il Ramazan ayının ilk gününün martın 11-nə təsadüf edəcəyi ehtimal olunur. Amma dəqiq vaxtı ayın görünməsindən sonra məlum olacaq”, – bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev dedi.

“İlk öncə qeyd etmək istəyirik ki, mübarək Ramazan ayının gəlişi insanın özü ilə məşğul olması, mənəvi rəngə boyanması üçün Allah tərəfindən ona veriləcək gözəl fürsətdir. Bu ayda Quran nazil olub, hədislərə görə, oruc tutan şəxsin nəfəsinə belə savab yazılır. Ümumilikdə Allah Təala bu ayda öz bəndələrinə böyük savab və rəhmətlər təqdim edir. Ona görə bütün mömin və möminələr, oruc tutan əzizlərə tövsiyəm budur ki, çalışıb bu ayda bir-birilərini acılamasınlar, mübahisə etməsinlər. Təbii ki, dini biliklərə sahib olanların, fiqhi bilənlərin müzakirəsi, dost məclisi gözəldir. Odur ki, mübahisə və acılamaq olmadan dini məsələləri müzakirə etmək özü də, öyrənib-öyrənmək də savabdır. Ayın görünməsi, təqvimlə üst-üstə bəzən düşməməsi məsələsinə gəldikdə isə biz bilirik ki, İslam Dininin şəri məsələləri, fiqhi mövcuddur. Ayın görünməsi məsələsi ilə bağlı hökmlər İslamdan gələn mövzulardır. Peyğəmbərdən belə bir hədis var ki, Hilalı (Ramazan hilalı) görüncə oruca başlayın, hilalı (Şəvval hillalı) görüncə bayram edin. Hava buludlu olarsa, içində olduğunuz ayı otuza tamamlayın. (Hədis Səhih Buxari və Səhih Müslimdə var). Bu cür çox sayda hədislərimiz var. İslamın ümumi rəyi budur ki, ay görünəndən sonra Ramazan ayı niyyəti ilə oruca başlayırıq, Şəvval ayının hilalının görünməsi ilə (görünməsə 30 gün oruc tuturuq) Fitr bayramını qeyd edirik. Ramazan ayının ölkələr tərəfindən bir gün fərqlə elan edilməsi fiqhi nəzəriyyələrlə əlaqəlidir, həmçinin üfüq fərqi də diqqətə alınır”.

Şeyxin sözlərinə görə, oruc təkcə müəyyən saatda ac qalmaqdan ibarət deyil və yalan, pis işlərdən də uzaq olmalısan.

“Fiqhi baxımdan orucu batil edən əməlləri etməyən şəxsin orucu düzdür. Lakin mənəvi olaraq orucun fəlsəfəsi insanın bütün üzvlərinin oruc olmasıdır. Yəni insan günahdan, qeybətdən, yalandan, pis işlərdən nə qədər uzaq olarsa, onun orucunun o qədər dəyəri vardır”.

Nəbiyev xəstə və bəzi səbəblərə görə oruc tuta bilməyən insanlara da məsləhət gördü.

“Xəstəlik səbəbinə görə üzrlü şəxslər oruc tuta bilmirlərsə, bu ayda ehsan versinlər, kasıblara əl tutsunlar, imkansız qocaların dərmanlarını, ehtiyaclarını ödəsinlər. İftar verməyin də böyük savabları vardır. Xəstəlik səbəbindən oruc tuta bilməyən imkansız şəxslər günahlardan çəkinsələr, hər gün Allahdan bağışlanma istəsələr, yaxşı əməllər etsələr, şübhəsiz onlara da savab yazılacaqdır”.

Nəbiyev dediyinə görə, bu ayda insanlar quran oxumalıdırlar və ibadət etməlidirlər.

“Ümumilikdə bu ay rəhmət dolu bir aydır. Quran oxumaq, Allahı zikr etmək, iftar vermək, yaxşılıq etmək, gecələr ibadət etmək, günahlardan çəkinmək, əxlaqını gözəlləşdirmək, onu Allaha yaxınlaşdıran məclislərdə iştirak etmək, həmçinin onu Allaha yaxınlaşdıran təfəkkürü etmək böyük savabları olan, tövsiyə olunan əməllərdir. Qədr gecələrində oyaq qalıb gecənin əməllərini etmək də çox tövsiyə olunur. Bir cümlə ilə sizin sualınıza cavab vermək istəsək, belə deyərik. Bu ay Allaha yaxınlaşdıran əməlləri etmək, Allahdan uzaqlaşdıran əməllərə peşman olub uzaq durmaq ən böyük tövsiyə olunan əməllərdir. Fürsətdən istifadə edib, oxucularınıza Allahdan ibadət və itaətlərinin qəbul olmasını, Mübarək ayın bərəkətini nəsib etməsini arzu edirəm. Kollektivinizə də uğurlar diləyirəm”.

Müsəlmanlara o da tövsiyə olunur ki, ehtiyata görə bir gün öncədən oruc tutmağa başlasınlar.

İslam dinində Ramazan ayı ən şəfqətli və ən müqəddəs aylardan biri hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar. Orucluq öz tarixini hicrətin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olunandan başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olmuşdur. Deyilənə görə, bu həmin ayın son 10 gecəsində baş vermişdir. Bu gecə “Leylət al-Qədr” – qiymətli, qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (miladi 622-ci il) ilində təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları təmiz vicdanlı olmağa yönəldir və bu da oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

Print Email
FaceBook Twitter Google