Bəzi insanlar hələ də başqalarının din və əqidəsinə hörmət etməyi öyrənə bilməyiblər – ÜGMADİ-nin bəyanatında deyilir
Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) 8 mart tarixində Adiqeni Bələdiyyəsində baş vermiş hadisə ilə bağlı bəyanat yayıb və qeyd edir ki, həmin hadisə sarsıdıcı və üzücüdür. İdarə bildirir ki, bəzi insanlar hələ də başqalarının din və əqidəsinə hörmət etməyi öyrənə bilməyiblər.

Həmin bəyanatı sizə təqdim edirik:

“Samtshe-Cavaxeti bölgəsinin Adiqeni Bələdiyyəsində yerli müsəlmanlara qarşı bəzi qüvvələrin təzyiqi xəbəri hamı üçün sarsıdıcı və üzücü oldu.

Çox Acınacaqlı haldır ki, ölkə vətəndaşlarının bəziləri hələ də başqalarının din və əqidəsinə hörmət etməyi öyrənə bilməyiblər.

Hər kəs birgə dinc yanaşı yaşamadan, insani dəyərlərdən və tolerantlıqdan danışır, amma əməldə isə tam əksi görünür.

Gürcüstan Konstitusiyası hər vətəndaşının dini haqlarını tanıyarkən, ölkə müsəlmanları yenə də dini inanc, əqidə və ibadətlərə görə ayrı seçkiliyə məruz qalırlar. Onların hüquqlarını tapdalanır.

Heç kəs unutmamalıdır ki, yalnız və yalnız insani keyfiyyətlərə yiyələnməklə, tolerantlıq və dözümlülük və habelə qarışılıqlı ehtiramla mütərəqqi bir ölkə qurmaq arzusunu çiçəkləndirmək müyəssər olaracaq. Bunun əksi olaraq kin, ədavət və bölücülüyün, nifaq və nifrət toxumunun səpilməsinin isə hər şey və hər kəs üçün nə qədər ziyanverici olması heç bir şüuru varlıq üçün qaranlıq deyil.

İslam dini və müsəlmanlar əsirlər boyu Gürcüstanın ayrılmaz bir parçası olaraq, hər zaman ölkənin tərəqqi, təkamül və mədəniyyətinə öz töhfələrini vermiş və günümüzdə də verməyə davam edir.

Məlum məsələdir ki, müxtəlif dinlər, əqidələr, məzhəblər və mədəniyyətlərin bir ölkədə varlığı, həmin ölkənin zənginliyi sayılır.

Elə isə Ölkəmizdə islama və müsəlmanlara qarşı olan nifrət dili yığışdırlmalıdır.

Bu ölkənin hər şeydən daha çox sülhə ehtiyacı olduğunu hamı yaxşı anlamalı və bilməlidir.

Ölkədə milli və ya dini zəmində qarşıdurma yaratmaq, azlıqlara qarşı diskriminasiya törətmək, ölkəmiz barəsində mənfi fikir də formalaşdırır. Buna isə heç kəs imkan verməməlidir.

Bu məsələdə əsas və böyük məsuliyyət isə hakimiyyətin üzərinə düşür.

Biz də öz növbəmizdə tərəfləri təmkinliyə, qarşılıqlı ehtirama və sülhə dəvət edirik.

Allah Gürcüstanımızı qorusun!”.


Print Email
FaceBook Twitter Google