Abituriyentlər nəyə görə xüsusi müəllimlərə ehtiyac duyurlar
Abituriyentlər Vahid Milli İmtahanlara hazırlaşmaq üçün xüsusi müəllimlərdən yardım alırlar. Onlar bir neçə fənn üzrə hazırlaşırlar və nəticədə bu onlar üçün maddi cəhətdən problem yaradır. Bəzi hallarda onlar mentorların yanına getmək üçün öz kəndlərindən başqa kəndə və ya rayon mərkəzinə getməli olurlar. Bu halda onlar nəqliyyat problemi ilə də üzləşməli olurlar.

Marneuli bələdiyyəsinin Sadaxlı kəndindən olan abituriyent Sevgi Nəsibova bildirir ki, məktəbdə keçirilən dərslərin vaxtı az olduğundan əlavə hazırlığa ehtiyac duyur.



“Artıq 3 ildir, hazırlığa gedirəm. Məktəbdə keçirilən dərslər səsli-küylü keçir və dərslərin müddəti az olduğundan əlavə hazırlığa ehtiyac duyuram. Hazırlıqda ən az 2 saat davam edir dərslər. Ən çox 12-ci sinifdə xüsusi müəllimə ehtiyac duydum. İmtahanları iki fəndən - riyaziyyat və məntiqdən veririk. Ancaq Məntiq məktəblərdə tədris olunmur. Riyaziyyat fənni üçün ayda 50 lari, məntiq üçün isə ayda 80 lari verirəm.
Ötən il rayona gedirdim dərsə. Dərslərim saat 6-da bitirdi və dərsdən yarım saat tez çıxmalı olurdum, marşruta çata bilmirdim”, -
Sevgi Nəsibova dedi.

Marneuli bələdiyyəsində yaşayan Aytən Qaraqaşeva 7 aydır, hazırlığa getdiyini bildirir. 

“Hazırlıqda hər şeyi məktəbə nisbətən daha rahat və daha aydın qavraya bilirəm. Mən hələ 11-ci sinifdə olduğum üçün riyaziyyat üzrə hazırlaşıram, gələn il məntiq üzrə də hazırlığa gedəcəyəm. Riyaziyyat fənninə görə ayda 70 lari ödəyirəm. Əgər 12-ci sinif sırf universitetə hazırlıq sinfi olsaydı, əlavə müəllimlərdən dərs almazdım”, -
Aytən Qaraqaşeva bildirdi.

12-ci sinif şagirdi olan abituriyent Aysun Budaqova da 2 ildir, hazırlığa getdiyini bildirir. 

“2 ildir, hazırlığa gedirəm. 2 ildə hazırlıqlara təxminən orta hesabla 1500 lari xərcləmişəm. Orta təhsilimiz, düşünürəm ki, aşağı səviyyədədir. Ona görə də, hazırlığa getməyə ehtiyac duyuruq. İndi öyrəndiklərimiz orta məktəbdə keçirilən materiallardır, amma biz onları indi öyrənirik. Təhsilin səviyyəsi yüksək olsa, əlavə hazırlıqlara getməyə ehtiyac duymarıq. İmtahanda məntiq və riyaziyyatdan suallar düşəcək deyə onlara hazırlaşıram. Riyaziyyat fənni üçün ayda 70, məntiq üçün isə 80 lari ödəyirəm”, -
Aysun Budaqova qeyd etdi. 

Abituriyent Aysun Bediyeva iki fənn üzrə hazırlaşdığını qeyd edir. 



“2 fənn üzrə hazırlaşıram imtahana. Məntiq və riyaziyyat dərslərinə gedirəm. Hər ay hazırlıq üçün 150 laridən artıq pul ödəyirəm. Müəllimlər öz kəndimizdə olmadığından qonşu kəndə getməli oluram", - Aysun Bediyeva.

Buradan irəli gələrək, abituriyentin universitetə hazırlaşması və təhsil alması bir sıra çətinliklərlə əlaqələndirilir. Bütün bunlar üçün ailə aylıq olaraq müəyyən qədər məbləğ ayırmağa ehtiyac duyur.

Qeyd edək ki, 2010-cu ildən etibarən “1+4” proqramı qanunda yer alıb və etnik azlıq nümayəndələri bu proqram çərçivəsində təhsil almaq imkanına sahib olublar.


Print Email
FaceBook Twitter Google